Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.
Maraqlıdır, bu yeni qərarın nə kimi effekti olacaq?
Məsələ ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu cür addımın atılması təqdirəlayiqdir:
"Məsələn, vətəndaş Bakı şəhəri Yasamal rayonunda yaşayır. Bu ərazinin yaxınlığındakı məktəbə isə uşağını yazdıra bilmir. Səbəb isə məktəbin nəticələrinin daha yaxşı olmasıdır. Nəticədə uzaq masafələrdəki valideynlər öz uşaqlarının adlarını bu məktəblərə yazdırırlar. Halbuki, burada qeydiyyatda olan vətəndaşlar kənarda qalır. İlk növbədə həmin ərazidə yaşayan vətandaşlar qeydiyyata düşməlidir. Daha sonra məktəblərdə boş yer olarsa, o zaman daha yaxın ərazilərə şagird qəbulunu həyata keçirmək olar".
Ekspert vurğulayıb ki, bəzi valideynlər qanunvericiliyin tələbini pozmağa meyilli olurlar:
"Ən yaxın məktəb ən yaxşı məktəbdir" prinsipinə əməl etmək vacibdir. Uşağı erkən yaşda kilometrlərlə aparmağın bir mənası yoxdur. Şagirdlərin dərsdən çıxdığı vaxt yollarda daha çox tıxac olur. Əgər bütün valideynlər bu prinsiplə yanaşsa, sərnişin artacaq və yollarda sıxlığın yaranmasına səbəb olacaq".