Türkiyə-Azərbaycan Universiteti inqilab olacaq -RƏY

Birgə universitetdə mühəndislik və texnologiya sahələrində savadlı mütəxəssislər hazırlanacaq


  Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq. Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib. Onun sözlərinə görə, burada klassik universitet modelindən söhbət getmir: "Universitetdə birgə tədris prosesi qurulacaq. Birgə tədris prosesi Türkiyə və Azerbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq". Nicat Məmmədli növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcəyini söyləyib. Bildirib ki, əvvəlcə texniki, texnoloji ixtisaslar üzrə qəbul aparılacaq: "Artıq bu yaydan tələbələr ixtisas seçimində Türkiyə- Azərbaycan Universitetini seçə biləcəklər. Türkiyə universitetləri ilə Azərbaycan universitetləri arasında sıx əməkdaşlıq olacaq". 

Millət vəkili Sahib "Sherg.az"a  Alıyev deyib ki, Türkiyə Prezidenti cənab R.T.Ərdoğan Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını "elm, təhsil və texnologiya sahələrində əlaqələri yeni səviyyəyə qaldıran dönüş nöqtəsi" olaraq dəyərləndirdi. Deputatın sözlərinə görə, deyilənlərdən belə anlaşılır ki, birgə universitetdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində savadlı mütəxəssislər hazırlanacaq: 

"Xatırlayırsınızsa, fevralın 14-də keçirilən andiçmə mərasimində Azərbaycan Prezidenti ölkəmizdə texnoloji inkişafı təmin edəcək kadrların hazırlığı üzərində ayrıca dayanmışdı. Dövlət başçısı "texnoloji inkişafa nail olmasaq, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik" demişdi. Belə başa düşürəm ki, Azərbaycanda 4-cü sənaye inqilabının ön cərgəsində gedəcək "xüsusi təyinatlı"ların, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt üzrə mütəxəssislərin hazırlığında da qardaş dövlət bizə öz dəstəyini əsirgəməyəcək. Ola bilsin, həmin kadrların bir hissəsi hərbi sənaye kompleksində çalışacaq. Cənab İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycanla Türkiyənin birlikdə hərbi təyinatlı məhsul istehsalını planlaşdırdığını bildirir. Əgər bizim ordularımız "bir yumruq"dursa, bu, təbii ki, özünü hərbi sənaye komplekslərimiz arasında sıx inteqrasiyada da göstərməlidir və göstərəcək. Prezidentimizin "Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik" sözləri də bunun təsdiqi sayıla bilər".