Peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb, birinin isə işi prokurorluqdadır. "Report" “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb. Belə ki, 1 nəfərə şiddətli töhmət, 4 nəfərə töhmət verilib. 2 nəfərə şifahi, 3 nəfərə yazılı xəbərdarlıq edilib. 1 nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.
Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, peşə, orta təhsil müəsisələrində səmərəsiz fəaliyyət göstərənlərə qarşı Elm və Təhsil Nazirliyi tərəfindən ciddi tədbirlər görülür:
" Təsadüfi deyil ki, bəzi peşə təhsili məktəblərinin, kolleclərin rəhbərləri vəzifələrindən azad olunublar. İstər peşə təhsili, istərsə də bəzi kollec istiqamətində hansısa üsullarla, korrupsiya əsasında müəyyən şəxsləri rəhbər vəzifəyə gətirilir. Hazırda nazirliyin profilaktik tədbirləri əsasında bu istiqamət üzrə nəzarət mexanizmi yaradılır. Bu kimi şəxslər prossesdən kənarlaşdırılırlar. Təbii ki, hər iki istiqamətdə konkret, şəffaf bir sistemin olması vacibdir. Çünki peşə təhsili istiqamətində də bəzi ixtisaslar üzrə təhsil alanlara subakalavr dərəcəsi verilir. Yəni, həmin şagirdlər ali təhsil müsabiqəsində imtahan vermədən iştirak edə bilərlər. Hazırda ölkəmizdə 50-dən çox kollec, kifayyət qədər peşə təhsili müəsisəsi fəaliyyətdədir. Bunların hər birində mütləq yoxlamalar aparılmalıdır. Korrupsiya faktına yol verən, tədris prossesindən kənar, ümumi çağırışlara cavab verməyən şəxslər işlərindən azad olunmalıdırlar. Yerinə konkret sahə üzrə bilik və bacarıqları yüksək olan adamlar təyin olunmalıdır. Vətəndaşların əksəriyyətinin kolleclərə, peşə məktəblərinə marağı yoxdur. Lakin nazirlik daha çox gənci cəlb etmək üçün onlara subakalavr dərəcəsi verir. Bu bir növ stimuldur".