2024/2025-ci tədris ili üçün Qarabağ Universitetində ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.
“Sherg.az” xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, azad edilən ərazilərə ali təhsil ənənələrinin qaytarılması əsas məqsədlərdən biridir: “Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi. Biz də Qarabağ Universitetinin gələcəyi ilə bağlı aparacağımız işlərlə əlaqədar müvafiq tapşırıqları dövlət başçısından almış olduq”.
Rektor bildirib ki, Qarabağ Universiteti ən müasir ali təhsil müəssisəsi olacaq:
“Universitetimidə ilk növbədə Azərbaycanımızın sosial-iqtisadi inkişafı ilə bağlı zəruri olan müasir, yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçiriləcək, həm də tədqiqat əsaslı bir universitet olacaq. Bu o deməkdir ki, universitetimiz ölkəmizin növbəti mərhələdə inkişafına töhfə verəcək”.
Rektor vurğulayıb ki, növbəti tədris ilinə hazırlıq işləri gedir: “Bilirsiniz ki, ilk dəfə universitetimizə tələbə qəbulu həyata keçiriləcək. Builki tədris ilində universitetimizə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçiriləcək. Bu o deməkdir ki, Qarabağ Universitetinin tələbəsi adını qazanacaq istənilən gənc universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alacaq. Bundan başqa ödənişsiz şəkildə ən müasir şəraiti olan mənzil tipli yataqxanada tələbələrimizi, həm də əməkdaşlarımızı yerləşdirməyi nəzərdə tutmuşuq. Onu da qeyd edim ki, universitetimizə qəbul olunacaq bütün tələbələrə noutbuk hədiyyə olunacaq”.
Şahin Bayramov abituriyentlərə çağırış da edib: “İxtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar”.
Rektor qeyd edib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var:
“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olur. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”.
O həmçinin söyləyib ki, növbəti tədris ilində Qarabağ Universitetinə subbakalavrların qəbulu və tələbə köçürülməsi nəzərdə tutulmayıb.