Nəzərdə tutulan 6-cı sinif üzrə coğrafiya, 7-ci sinif üzrə isə fizika, kimya və biologiya fənnlərində olan dəyişikliklər Sinqapur modelinə istinad olunmuş dəyişiklikdir
2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq.
Bunu "Report"a açıqlamasında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdirinin sözlərinə görə, bu dərsliklər yeni konsepsiya əsasında tərtib olunub: "Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib".
Nazirlik rəsmisi xatırladıb ki, ötən illərdə informatika fənni bir sıra məktəblərdə yeni məzmunda tədris olunub: "Burada şagirdlərə təkcə nəzəriyyə deyil, praktik kodlaşdırma bacarıqları da öyrədilir. Bundan başqa, təbiət fənlərinin tədrisinə ayrılan vaxt və həcm artırılıb. STEAM məşğələlərinin keçirilməsi də məzmunda yeniliklərə aiddir. Xeyli məktəbdə STEAM laboratoriyaları var və bu sahədə əhatəlilik genişləndirilir.
Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir. Əgər əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydalarını öyrədirdiksə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas məsələni öyrədirik: dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı. Dil qaydaları isə bu istiqamətləri öyrənmək üçün zəruri bilikləri verməlidir. I-V sinif Azərbaycan dili dərslikləri bu istiqamətdə hazırlanır.
Eyni hal riyaziyyat fənninə də aiddir. Azərbaycanda riyaziyyat elmi və onun məktəbdə tədrisi hər zaman güclü olub, amma riyaziyyat tətbiqi xarakter daşımayıb. Riyaziyyat fənni üzrə çoxlu misallar həll olunur, ancaq eyni misalın məntiqi hansısa məsələyə, konkret həyati situasiyaya aid olanda şagird cavabı tapa bilmir. Hazırda riyaziyyat fənninin məzmunu şagirdə həyati məsələlərlə riyazi termin və formulları öyrətmək üzərində qurulur".
Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, nazirlik tərəfindən hər il dərsliklərlə bağlı müəyyən dəyişikliklər həyata keçirilir:
“İlkin olaraq pilot layihə təqdim edilir, baxılır və hər şey qaydasındadırsa, kütləvi nəşrə icazə verilir. Dərsliklərin hazırlanmasında Nazirlər kabinetinin müvafiq qərarı əsasında informasiya yığcam, dəqiq və elmilik şərtləri olmalıdır. Bu amillər nəzərə alınaraq dərsliklərdə müəyyən dəyişikliklər olunur. Hazırda nəzərdə tutulan 6-cı sinif üzrə coğrafiya, 7-ci sinif üzrə isə fizika, kimya və biologiya fənnlərində olan dəyişikliklər Sinqapur modelinə istinad olunmuş dəyişiklikdir. Burada əsas məqsəd şagirdlər əldə etdikləri bilik və bacarıqları daha çevik formada tətbiq edə bilsinlər . Yəni bu tətbiqə qədər şagirdlər nəzəri hissəyə üstünlük verirdi. İndi isə nəzəri hissə lokonik şəkildə təqdim ediləcək. Daha çox təcrübə əsasında şagirdlər tətbiq etmə ilə bağlı çətinlik çəkməyəcəklər. Bu fizika, coğrafiya, kimya və biologiya fənnlərində tədris olunacaq. İndiyə kimi informatika fənnində belə dəyişiklik olmuşdu. Hazırda Azərbaycan dili fənni üzrə işlənilir. Müəyyən dəyişikliklər əlavə edəcəklər ki, şagirdlər öyrəndiklərini ptaktiki olaraq tətbiq edə bilsinlər. Düşünürəm ki, bu da müsbət qiymətləndirilməlidir. Açığı mənfi tərəflərinin olduğunu düşünmürəm”.