Türk dili müəllimi: Həsən bəy Zərdabinin maarifçi qızı

  Milli mətbuatımızın teatr və ilk xeyriyyə cəmiyyətinin qurucusu Həsən bəy Zərdabinin qızı, dövrünün tanınmış pedaqoqu Qəribsoltan Məlikova uzun illər Azərbaycanda pedaqoq kimi fəaliyyət göstərib. Qəribsoltan xanımın müəllimlik fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 395 saylı “Bakı ikinci qadın gimnaziyası” adlı fondunda şəxsi işi qayğı ilə qorunub saxlanılır. Qəribsoltan Məlikovanın arxivdə qorunub saxlanılan şəxsi işindəki arxiv sənədləri və  məlumatlar əsasında hazırladığım bu  məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.

  Şəxsi işdəki arxiv sənədləri təsdiq edir ki, Qəribsoltan Məlikova əvvəl Bakı şəhər 3-cü qadın gimnaziyasında türk dili müəllimi vəzifəsində çalışıb. Lakin sonrakı illərdə Qəribsoltan Məlikova Azərbaycan Cümhuriyyətinin maarif naziri Nəsib bəy Yusifbəylinin 11 dekabr 1918-ci il tarixli 204 saylı əmri ilə həmin ilin noyabrın 30-dan etibarən  Bakı şəhər 3-cü qadın gimnaziyasının türk dili müəllimliyindən Bakı şəhəri 2-ci qadın gimnaziyasına türk dili müəllimi vəzifəsinə keçirilib. Bu yerdəyişmə ilə bağlı Bakı şəhəri 2-ci qadın  gimnaziyasının Pedaqoji Şurasının  sədri hələ xeyli əvvəl, 1918-ci il dekabrın 2-də yazılı təqdimatla nazir Nəsib bəy Yusifbəyliyə müraciət edib. Bakı şəhər 2-ci qadın gimnaziyasının  Pedaqoji Şurasının  sədrinin Azərbaycan Xalq Cümhuriyyəti maarif nazirinə ünvanlanmış həmin  təqdimatında qeyd edilirdi: "Mənə etibar edilmiş gimnaziyada cari ilin 30 noyabrından etibarən 4 sinifdə 8 saat türk dilinin tədris edilməsi üçün mənim tərəfimdən muzdlu əmək haqqı hesabı ilə Qəribsoltan Məlikova dəvət edilib. Yuxarıda qeyd olunan məlumatı sizə çatdıraraq  mənim təqdimatımı təsdiq etməyinizi xahiş edirəm”.
  Daha sonra Azərbaycan Cümhuriyyətinin maarif naziri Nəsib bəy Yusifbəylinin 11 dekabr 1918-ci il tarixli əmri ilə Qəribsoltan Məlikova Bakı şəhər 3-cü qadın gimnaziyasının türk dili müəllimi vəzifəsindən  Bakı  2-ci qadın gimnaziyasına həmin vəzifəyə keçirilib. 1918-ci il dekabrın 11-də Maarif Nazirliyinin dəftərxanasının direktor müavini M.V.Kondratyev Bakı şəhəri 2-ci qadın gimnaziyasının  Pedaqoji Şurasının  sədrinə məktubla müraciət edərək qeyd edirdi: “Türk dili müəllimi Qəribsoltan Məlikovanın tutduğu vəzifəsinə  uyğun olaraq sizə etibar edilmiş gimnaziyaya keçirilməsi haqqında Xalq Maarif Nazirliyinin 11 dekabr 1918-ci il tarixli, 204 saylı əmrini məlumat və icra üçün sizə göndərirəm”.
  Qeyd olunmalıdır ki, Cümhuriyyətin maarif naziri Nəsib bəy Yusifbəylinin imzaladığı 11 dekabr 1918-ci il tarixli əmrdə aşağıdakılar qeyd edilib: ”Cari ilin 30 noyabr tarixindən etibarən Bakı şəhəri 3-cü qadın gimnaziyasının türk dili müəllimi Qəribsoltan Məlikova Bakı şəhəri 2-ci qadın gimnaziyasına həmin vəzifəyə keçirilir”.
Bakı şəhəri 2-ci qadın gimnaziyasının direktoru E.S.Yermolayeva Bakı şəhər 3-cü qadın gimnaziyasının direktoru M.L.Poqrebnoya 1919-cu il 26 noyabr tarixində məktubla müraciət edərək ondan xahiş edirdi ki, əvvəllər  Bakı şəhər 3-cü  qadın  gimnaziyasında türk dili müəllimi vəzifəsində çalışmış  və Maarif  Nazirliyinin 11 dekabr 1918-ci il tarixli 204 saylı əmri ilə Bakı şəhər 2-ci qadın gimnaziyasına türk dili müəllimi vəzifəsinə keçirilmiş Qəribsoltan Məlikovanın formulyar siyahısının surətini onun unvanına göndərsin.
Lakin arxiv sənədləri təsdiq edir ki, Bakı şəhər 2-ci qadın gimnaziyasının direktoru E.S.Yermolayevanın bu xahişini Bakı şəhər 3-cü qadın gimnaziyasının direktoru M.L.Poqrebnoy yerinə yetirməyib. Bunun səbəbi isə Bakı 3-cü qadın gimnaziyasının direktoru M.L.Poqrebnoyun Bakı şəhər 2-ci qadın gimnaziyasının direktoru E.S.Yermolayevaya ünvanladığı 27 noyabr 1919-cu il tarixli məktubda belə açıqlanır: ”Xalq Maarif Nazirliyinin 28 oktyabr 1918-ci il tarixli 71 saylı əmrinə uyğun olaraq türk dili müəllimi işləmiş Qəribsoltan Məlikova mənə etibar edilmiş gimnaziyada hazırlıq siniflərində türk dilinin tədris etməsinə buraxılmışdır. Lakin o, fənni tədris etməkdən imtina edərək sənədlərini təqdim etməmişdir və ona görə də onun haqqında hər hansı bir məlumat təqdim etmək mümkün deyildir”.
  Arxiv sənədləri təsdiq edir ki, Cümhuriyyətin maarif naziri Nəsib bəy Yusifbəylinin 28 oktyabr 1918-ci il tarixli 71 saylı əmri ilə türk dili müəllimi Qəribsoltan Məlikovaya Bakı şəhər 3-cü qadın gimnaziyasında həmin  gimnaziyanın hazırlıq siniflərində türk dilini tədris etməsinə icazə verilib.
  Dövlət Tarix Arxivində saxlanılan türk dili müəllimi Qəribsoltan Məlikovanın şəxsi işində onun Bakı şəhər 2-ci qadın gimnaziyasının direktoruna yazdığı 8 noyabr 1919-cu il tarixli ərizəsi də qorunub saxlanılır. Anadilli mətbuatımızın və milli teatrımızın yaradıcısı H.Zərdabinin bu maarifçi övladının həyatı ilə bağlı digər arxiv materialları, sənədlər də var. Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 653 saylı “ Zərdabi Həsənbəy Məlikov Səlim bəy oğlu” adlı fondunda Qəribsoltan Məlikovaya Bakı elektrik şəbəkəsinə təqdim olunmaq üçün Bakı şəhəri Oktyabr rayonunun mənzil şöbəsi tərəfindən 7 dekabr 1960-cı ildə verilmiş 76/3 saylı  arayışda qeyd edilirdi ki, Qəribsoltan Məlikova fərdi təqaüdçüdür və Səməd Vurğun küçəsi 85 ünvanında 100, 104 saylı mənzillərdə Hacıyev Rauf Soltan oğlunun ailəsində yaşayır.

Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin Baş məsləhətçisi