Bu qərar hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığında yeni bir mərhələyə işarədir
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, iki tələbə 2024-2025-ci tədris ili üzrə “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokol”a uyğun olaraq Tacikistanda magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Tacikistan tərəfindən verilən yekun qərar nəticəsində tələbələr “Tajik National University” və “Khujand State University” ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Onlar humanitar və sosial və təbiət elmləri ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun “Sherg.az”a açıqlamasına görə, azərbaycanlı tələbələrin Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ilk dəfə olaraq Tacikistanda təhsil alma imkanı qazanması, hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığında yeni bir mərhələyə işarədir:
“Tacikistanda azərbaycanlı tələbələrin təhsil almağa başlaması ilə bağlı "ilk dəfə" ifadəsinin istifadə olunması, iki ölkə arasında daha əvvəl belə bir akademik təhsil mübadiləsinin formal olaraq mövcud olmadığını vurğulayır. Bu cür mübadilə proqramlarının həyata keçirilməsi ölkələrarası əməkdaşlığı gücləndirməklə yanaşı, müxtəlif sahələrdə qarşılıqlı faydalara səbəb ola bilər.
Tacikistan və Azərbaycan arasındakı tələbə mübadiləsi proqramı gələcəkdə elmi, mədəni və sosial əlaqələri genişləndirə bilər. Bu əməkdaşlıq, hər iki ölkənin təhsil sahəsində öz təcrübələrini bölüşməsinə, müxtəlif yanaşmalardan bəhrələnməsinə və tələbələrə çoxşaxəli təcrübə qazandırmasına şərait yaradır. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini gücləndirmək üçün Tacikistanın strateji əhəmiyyəti nəzərə alınaraq, bu təhsil mübadiləsi proqramı regiondakı təsir imkanlarını artırmaq baxımından da dəyərlidir”.
K.Əsədovun sözlərinə görə, Tacikistanın təhsil sisteminin bəzi müsbət tərəfləri arasında ölkənin güclü elmi ənənələrinin olması və xüsusilə mühəndislik, texnologiya və təbiət elmləri sahələrində yetkin kadr potensialının yetişdirilməsi qabiliyyəti qeyd edilə bilər:
“Tacikistanda ali təhsil, Sovet təhsil sistemindən miras almış struktura əsaslanaraq bu sahələrdə ciddi akademik intizamı və elmi tədqiqatları dəstəkləyir. Bununla belə, iqtisadi məhdudiyyətlər səbəbindən infrastruktur və maddi-texniki bazanın müəyyən çatışmazlıqları da mövcuddur. Tacikistan təhsil sistemi əsasən yerli şəraitə uyğunlaşdırılmış tədris modelləri üzərində qurulduğu üçün qlobal standartlara uyğunlaşmaqda müəyyən çətinliklərlə üzləşir. Müasir texnologiyalara və yenilikçi tədris metodlarına inteqrasiya məsələsində də əngəllər yaşana bilər. Bu mübadilə proqramı azərbaycanlı tələbələrin regionda təhsil almasına, həmçinin Azərbaycan və Tacikistan arasında təhsil sahəsində elmi əlaqələrin inkişafına imkan yaradır. Azərbaycanlı tələbələrin burada qazandıqları təcrübələr ölkənin kadr potensialına müsbət təsir göstərə, eləcə də Azərbaycanda müasir təhsil modellərinin inkişafına töhfə verə bilər. Bu proqramın genişləndirilməsi iki ölkə arasında uzunmüddətli təhsil və elmi əlaqələrin möhkəmlənməsinə də şərait yarada bilər”.