Standart forma müəllim nüfuzunu görünməmiş dərəcədə artıracaq - EKSPERT

Bu qayda peşəkar mühit və təşkilati mədəniyyəti gücləndirəcək

Müəllimlərə vahid geyim tətbiq olunacaq xəbəri pedaqoji mühitdə çaşqınlıq yaradıb. Sosial mediada aparılan müzakirələrdə isə tənqidi rəylər çoxdur. Halbuki burada məsələ müəllimlərə vahid geyim formasının tətbiqi deyil, müəllimlərin dres-kot tərzində standart geyim formasına üstünlük verilməsidir. Bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik təklif olunur. “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərlə bağlı təklifdə maddə 4-də təhsilverənlər, yəni müəllimlər üçün “vahid geyim forması” yox, “geyim ilə bağlı tələblər”dən söhbət gedir. Qanunun 12.13-cü maddəsinə əlavə olunan yeni müddəada dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblərin müəyyən olunması təsbit edilir. Bu tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan - qurum tərəfindən müəyyən olunması nəzərdə tutulur. İzahat olaraq bildirilir ki, bu, məcburi “vahid paltar” deyil, səliqəli və peşəkar geyim standartıdır. Yəni müəllimin geyimi səliqəli, peşəkar və tədris mühitinə uyğun olmalıdır. 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında bildirdi ki, müəllimlər üçün geyim standartının tətbiqi ümumi yanaşma baxımından müsbət dəyərləndirilə bilər: 

- Bu, həm sosial bərabərlik, eyni zamanda müəyyən estetik görüntü yaranması baxımından müsbətdir. Təhsilverənlərin geyim tərzi ilə bağlı müxtəlif ölkələrdə fərqli yanaşmalar mövcuddur. Elə ölkələr var ki orada sərbəst geyim formasına üstünlük verilir, bəzilərində isə, xüsusən liseylərdə, gimnaziyalarda dres-kot tələbi qoyulur. Eyni, standart geyim olduqda bu daha çox gözəl görüntü bəxş edir. Bir də bu, peşə insanını fərqləndirmək baxımından da yaxşıdır. Standart forma geyinmiş birisini gördükdə biləcəyik ki o müəllimdir. Bu, müəllim nüfuzuna da müsbət təsir göstərər. Könüllülük prinsipi də tətbiq oluna bilər. Kim istəsə sərbəst geyim, kim istəsə dres-kot tipli geyimdən istifadə etsin. Qanunvericiliyə dəyişiklik təsdiqlənəcəksə, bunun hansı dərəcədə effektiv olduğunu, təhsilin keyfiyyətinə nə dərəcədə müsbət təsir etdiyini növbəti mərhələdə görəcəyik. Standart geyim tətbiq olunarsa, hər halda müsbət məqamlar gözlənilir. Burada məqsəd məktəbdə peşəkar iş mühitini və təşkilati mədəniyyəti gücləndirmək, müəllim nüfuzunu artırmaq, sosial bərabərliyi dəstəkləmək, şagirdlərin diqqətini dərsə yönəltməkdir. Müəllim elə geyimdə olmalıdır ki şagirdin diqqəti geyimə fokslanmasın.