Yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır
Hər bir şagirdin, tələbənin istirahəti üçün Təhsil Nazirliyi bu istiqamətdə iş görməlidir
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
2021-2022-ci il tədris mövsümünün başa çatması yay düşərgələri ilə bağlı problemi yenidən aktuallaşdırıb. Lakin yay düşərgələri ilə bağlı hələlik konkret addımlar atılmayıb. Təhsil Nazirliyindən bildirilib ki, bu ildən STEM (Elm, texnologiya, riyazi biliklərin təkmilləşdirilməsi üçün innovativ proqram) Yay Düşərgələrinə start veriləcək. Bu proqram bütün rayonları və məktəbləri əhatə edəcək, özü də pulsuz olacaq. Bu proqram şagirdlərə fənn müəllimləri tərəfindən tədris ediləcək. Nazirlikdən bildirilib ki, STEM düşərgələri ilə bağlı detallı məlumatlar qısa müddətdə ictimaiyyətə açıqlanacaq.
Ekspertlərin fikrincə, şagirdlərin vaxtının səmərəli keçirilməsi üçün bu cür düşərgələrin yaradılması önəmlidir. Mütəxəssislər bildirib ki, yay düşərgələrini məktəblərdə, səfalı yerlərdə, xüsusən dənizə yaxın ərazilərdə tikilib istifadəyə verilən məktəb binalarında yaratmaq olar. Bununla da ölkədə qısa müddətdə böyük bir yay düşərgəsi sistemini qurmaq mümkündür. Qeyd olunur ki, hazırda işğaldan azad edilən ərazilərdə quruculuq işləri gedir. Azad olunmuş ərazilərdə yay düşərgələrinin salınması məktəblilərin istirahəti üçün əlverişli olardı. Hesab olunur ki, yay düşərgələrini yaradarkən Rusiya, Qazaxıstan və digər ölkələrin təcrübəsindən yararlanmaq mümkündür. Hətta bəzi məktəblərə maliyyə vəsaiti ayırmaq olar ki, onlar həm də yayda düşərgə kimi fəaliyyət göstərsinlər.
Təhsil eksperti Kamran Əsədov dünya təhsil təcrübəsinə əsasən deyib ki, yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Ona görə də uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirməlidir. Ekspert hesab edir ki, valideynlər uşaqları üçün tətil planlarını əvvəlcədən – elə tədris zamanı hazırlamalıdır:
“Yay tətili gəlib çatandan sonra uşağın 3 ayı necə keçirəcəyini planlaşdırmaq çox çətin olur. Belə olanda isə uşaq gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur. Əvvəllər, uşaqların yay tətilini səmərəli keçirə bilmələri üçün yay düşərgələri var idi. 1990-cı illərdən sonra bu düşərgələr dağılmağa başladı. Bunun əsas səbəbi o idi ki, düşərgələrin binalarında məcburi köçkünlər məskunlaşdı. Nəticədə, indi 3 aylıq tətil olsa da, istirahət üçün düşərgə isə yoxdur. Xatırladım ki, əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. İndi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır”.
K.Əsədova görə, düşərgələrin sayı çox azdır və qiymətlər bahadır:
“Həmin düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Hazırda həmkarlar ittifaqlarının nəzdində 4 uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrdə 3 ay ərzində uşaqların ümumi qəbul etmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilər. Nabranda, Şüvəlanda "Olimp", "Şahin", "Aypara" uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Bütün valideynlər işlədikləri müddətdə işlədikləri müəssisələrin həmkarlar ittifaqına 1 faiz pul ödəyirlər. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları uşaq düşərgələrinə böyük endirimlə getməlidir.
Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir. Ancaq etiraf edək ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur. Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi”.
Ekspert xatırladıb ki, Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub: “Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir. Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar.
Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır. Hesab edirəm ki, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına 300 manat düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz. Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir.
Bütün bunların hamısı Təhsil Nazirliyi, Rayon təhsil şöbələri, Şəhər təhsil şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu həm də əlavə iş yeri deməkdir. Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir.
Yaxşı olardı ki, 3 ay ərzində həmin tələbələr boş qalmasın deyə, əlavə gəlir əldə etsinlər deyə, aidiyyəti qurumlar layihələr hazırlasın. Yaxşı olardı ki, Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu, Azərbaycan təhsilində inqilabi bir addım olar”.