"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların yaradılması müşahidə olunur, onlardan bir qismi informasiya manipulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır".
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui-istifadə edərək müxtəlif biznes və məşğulluqyönümlü platformalarda COP29-la bağlı açılan iş yerləri barədə sosial şəbəkələrdə saxta məlumatlar yerləşdirməkdədirlər:
"Bu günə qədər COP29-un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə 15 saxta informasiya resursu aşkarlanıb və ölkə üzrə bloklanması təmin edilib.
Xidmət vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, müxtəlif sosial şəbəkələrdə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyir".
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov "Sherg.az"a bildirib ki, “COP29” la bağlı ölkədə bir çox istiqamətlərdə işlər gedir:
“Həm fiziki, həm də rəqəmsal resursların yaradılması, dövlət istiqamətində yaradılan imkanlardan bəzi şirkətlərin, könüllülərin cəlb edilməsi və bununla bağlı bir çox şaxəli işlərin aparılması dələduzlar üçün münbit şərait yaradıb. Vətəndaşların şəxsi məlumatlarını əldə edərək bundan onlara fişinq atma məqsədilə istifadə ediləcəyini düşünürük. Görünür ki, artıq bir neçə informasiya resursunun nüsxələnməsi, oxşadılması halı baş verib. Həmçinin yeni imkanlar barədə saxta resurslar yaradılıb. Bu proseslər daha çox “COP29”un rəsmi səhifəsində gedir. Yaxşı olar ki, vətəndaşlar “COP29”la bağlı yeni bir məlumatla tanış olmaq üçün rəsmi səhifəni izləsinlər. Çünki orada yaradılan yeni imkanlar və tədbirlərin hər biri rəsmi olaraq açıqlanmaqdadır”.