Süni intellekt artıq gələcəyin deyil, bugünün əsas inkişaf amilidir - Azər Allahverənov

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın rəqəmsal inkişaf strategiyasından irəli gələn vəzifələrin uğurlu şəkildə yerinə yetirilməsi ilə bağlı konkret bir siyasətin müəyyənləşdirilməsi üçün təşkil olunmuş çox vacib bir tədbirdir”. 

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov Azər Allahverənov deyib. 

Rəqəmsal inkişaf siyasətinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan deputat bildirib ki, Rəqəmsal Şuranın fəaliyyəti bu sahədə yaranan çağırışlara uyğun siyasi kursun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Şura rəqəmsal transformasiya istiqamətində aidiyyəti qurumların atmalı olduqları addımların mahiyyətini və əsas istiqamətlərini müəyyənləşdirən vacib platforma rolunu oynayır: “Birinci vitse prezident Mehriban xanım Əliyevanın şuranın fəaliyyətinə, işinə sədrlik edən şəxs olaraq səsləndirdiyi fikirlər həqiqətən də, müasir dövrün çox aktual mövzularından biri kimi dəyərləndirilə bilər. 

Texnoloji yeniliklərin sürətlə inkişaf etdiyi, süni intellektin isə qısa müddət ərzində davamlı şəkildə yeni inkişaf mərhələlərinə keçdiyi bir dövrdə rəqəmsal idarəetmə sistemlərinin təkmilləşdirilməsi olduqca vacibdir. Bu baxımdan Rəqəmsal Şuranın fəaliyyəti həm dövlət xidmətlərinin keyfiyyətinin artırılması, həm də vətəndaşların rəqəmsal imkanlardan daha səmərəli istifadə etməsi üçün mühüm rol oynayacaq.

Birinci Vitse-prezidentin dilə gətirdiyi, süni intellekt artıq gələcəyin deyil, bugünün əsas inkişafı amili məsələsinə, fikrinə gəldikdə, əminliklə deyə bilərik ki, birmənalı şəkildə süni intellekt əvvəlki dövrlərin texnoloji yeniliklərindən fərqli olaraq, yəni gələcəyə hesablanmış bir proyeksiyadır. Artıq bu gün bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilməkdədir. Və burada da əgər müxtəlif istiqamətlərdə və sahələrdə inkişaf strategiyası barədə danışırıqsa, süni intellektin potensialının da məhz bu və ya digər sahədə qabarıq şəkildə özünə birüzə verdiyini görürük.

Bu baxımdan həqiqətən də süni intellekt yalnız perspektiv texnologiya deyil, iqtisadiyyatın, dövlət idarəçiliyinin müxtəlif sahələrin, yəni istənilən sahəyə diqqət yetirsək, orada inkişaf prosesinin daha sürətli şəkildə həyata keçirilməsini təmin edə biləcək çox vacib bir amil kimi dəyərləndirir. İndi bəzi hallarda bu vasitə qismində də özünü büruzə verir ki, bu da nəticə etibarilə süni intellektin çox ciddi bir strateji əhəmiyyətə malik olduğunu göstərir. Bu gün bir çox dövlətlər, xüsusilə də yüksək texnologiyaları uğurlu şəkildə tətbiq edən dövlətlər məhz süni intellekt elementindən çox ciddi şəkildə istifadə etməklə gündəlik həyat tərzinin bir tərkib hissəsinə çevirmiş olublar və bu baxımdan da Azərbaycanda da artıq bir çox vacib inkişaf modellərinin də məhz süni intellekt imkanları əsasında realizə olunduğunu görürük. Misal üçün, ağıllı şəhər, ağıllı kənd konsepsiyalarının məhz süni intellekt imkanlarından geniş şəkildə istifadə olunduğu, ondan da başqa gündəlik həyat tərzimizə az qala çevrilən texnoloji yeniliklər və onlar da bilavasitə bu gün gündəlik düzəmimizi müəyyənləşdirən və müəyyən mənada da ondan bu və ya digər formada uğurlu şəkildə istifadə etmək imkanı ortalığa qoyan bir vasitədir”.

Deputat bildirib ki, süni intellekt yalnız iqtisadi inkişaf və texnoloji tərəqqi vasitəsi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu texnologiyalarla yanaşı yeni risk və çağırışlar da meydana çıxır: “Bu gün süni intellektin sürətli inkişafı ilə paralel olaraq kiber cinayətkarlıq, dezinformasiya, kritik infrastrukturlara yönələn təhlükələr, şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal asılılıq kimi məsələlər daha da aktuallaşır. Görürük ki, bəzi qüvvələr süni intellekt imkanlarından destruktiv məqsədlərlə istifadə etməyə çalışırlar. Bu isə məsələnin artıq yalnız texnoloji deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrildiyini göstərir. Məhz bu səbəbdən texnoloji, informasiya və rəqəmsal təhlükəsizlik məsələləri müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Əsas məsələlərdən biri ölkənin təhlükəsizlik sisteminin bu kimi çağırışlara qarşı preventiv mexanizmlərə malik olmasıdır. Bu isə güclü texnoloji infrastrukturun, peşəkar kadr potensialının və çevik idarəetmə mexanizmlərinin formalaşdırılmasını zəruri edir. Artıq bir çox dövlətlərdə süni intellekt məsələləri milli təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan da beynəlxalq təcrübəni diqqətlə nəzərdən keçirərək milli preventiv mexanizmlərin formalaşdırılması istiqamətində zəruri addımlar atmalıdır. Məqsəd süni intellekti təhlükəsizlik sistemi üçün risk mənbəyinə deyil, əksinə, təhlükəsizlik mexanizmlərinin effektivliyini artıran mühüm alətə çevirməkdir. Bu, həm də kənar müdaxilə və təhdidlərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Süni intellekt eyni zamanda qeyd etdiyim kimi, kifayət qədər sürətlə inkişaf edir və bu da əgər hansısa bir dövrə hesablanmış bir proqnozlar verilirsə, süni intellekt həmin proqnozları da bir növ üstələmiş olur”. 

Birlik sədri deyib ki, süni intellekt texnologiyalarının inkişaf tempi müasir dövrdə yeni və daha mürəkkəb çağırışların meydana çıxmasına səbəb olur: “Bu gün süni intellekt sahəsində baş verən inkişafın sürəti əvvəlki illərlə müqayisədə qat-qat yüksəkdir. Artıq görürük ki, bir neçə il əvvələ qədər yalnız fantastik filmlərdə təsvir olunan texnologiyalar bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Vaxtilə insanlara utopik görünən bir çox yeniliklər artıq gündəlik istifadə etdiyimiz alətlər və texnoloji vasitələrdir. Süni intellektlə bağlı proseslərin gözləniləndən daha sürətli inkişaf etməsi yeni hüquqi və təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasını zəruri edir.Bu dinamika yeni çağırışlar yaradır. Burada söhbət yalnız texnologiyadan getmir. Eyni zamanda qanunvericilik, təhlükəsizlik, informasiya mühiti və cəmiyyətin dəyərlər sistemi ilə bağlı məsələlər də ön plana çıxır. Ona görə də bütün bu prinsipləri nəzərə alan çevik və effektiv mexanizmlərin qurulmasına ehtiyac var”.

A. Allahverənov hesab edir ki, məhz bu baxımdan Rəqəmsal Şuranın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır: “Düşünürəm ki, Rəqəmsal Şura bu istiqamətdə olduqca məhsuldar fəaliyyət göstərəcək, həm rəqəmsal transformasiya prosesinin idarə olunmasına, həm də yaranan yeni çağırışlara uyğun dövlət siyasətinin formalaşdırılmasına mühüm töhfə verəcək. Rəqəmsal Şuranın ilk iclasında süni intellektin yaratdığı imkanlar və risklər də geniş şəkildə diqqət mərkəzində olub. Süni intellektin yaratdığı imkanlar ilk növbədə məhsuldarlığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması vasitəsilə vətəndaş məmnunluğunun yüksəldilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin modernləşdirilməsi və yeni iş istiqamətlərinin formalaşdırılması ilə bağlıdır. Bu texnologiyalar xüsusilə kənd təsərrüfatı, xidmət sektoru və iqtisadiyyatın digər seqmentlərində yeni imkanlar yaradır. Həmin imkanlardan düzgün istifadə olunması isə sadalanan sahələrdə çox mühüm nəticələrin əldə edilməsinə şərait yarada bilər. Süni intellektin inkişafı ilə yanaşı müəyyən risklər də meydana çıxır. Burada əsas risklər sırasında kiberhücumlar, saxta məlumatların yayılması, “fake news” və “deepfake” texnologiyalarından sui-istifadə hallarını qeyd etmək olar. Bu kimi tendensiyalar informasiya təhlükəsizliyi və ictimai etimad baxımından ciddi çağırışlar yaradır”.

 Deputat vurğulayıb ki, Azərbaycanda Rəqəmsal Şuranın ilk iclasında səsləndirilən fikirlər süni intellekt və yüksək texnologiyaların dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini göstərir: “Bu yanaşma bir tərəfdən cəmiyyətin müxtəlif sahələrinin gedən proseslərə uyğun adaptasiya olunmasını, digər tərəfdən isə mövcud texnoloji imkanlardan maksimum istifadə etməklə ölkənin inkişaf strategiyasının daha effektiv şəkildə həyata keçirilməsini hədəfləyir”.

A. Allahverənov həmçinin bildirib ki, bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrinin uğur strategiyasının əsasını məhz süni intellekt və yüksək texnologiyalar təşkil edir: “Süni intellekt artıq qlobal inkişafın əsas istiqamətlərindən birinə çevrilib. Bu sahə böyük investisiyalar, güclü texnoloji baza və uzunmüddətli strateji yanaşma tələb edir. Görürük ki, bəzi dövlətlər hələ süni intellekt imkanlarından necə yararlanmaq barədə düşünərkən, digər ölkələr artıq bu prosesin önündə gedərək tamamilə yeni idarəçilik modelləri formalaşdırırlar”.

Birlik sədrinin sözlərinə görə, Azərbaycan da süni intellekti yalnız iqtisadi inkişaf vasitəsi kimi deyil, eyni zamanda strateji əhəmiyyət daşıyan istiqamət kimi qiymətləndirir: “Azərbaycan süni intellektin iqtisadi inkişafın mühərriklərindən biri olduğunu qəbul etməklə yanaşı, onun təhlükəsizlik, dövlət idarəçiliyi və digər strateji sahələrdə tətbiqi istiqamətində də ardıcıl siyasət həyata keçirir. Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti bu siyasətin daha sistemli və effektiv şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcək. Şuranın ortaya qoyacağı yanaşma yalnız cari proseslərin koordinasiyası baxımından deyil, həm də ölkənin uzunmüddətli strateji kursunun formalaşdırılması və uğurla icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Əsas gözlənti də məhz rəqəmsal transformasiya və süni intellekt sahəsində Azərbaycanın daha güclü və rəqabətqabiliyyətli mövqeyə sahib olmasıdır”.

Qeyd edək ki, Şuranın iclasında əsas diqqət çəkən məqamlardan biri şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmamış vətəndaşların avtomatik şəkildə məlumatlandırılması təşəbbüsü olub.

A.Allahverənov bizimlə söhbətində bildirib ki, müxtəlif səbəblərdən insanlar bəzən sənədlərinin etibarlılıq müddətini diqqətdə saxlaya bilmirlər: “Son dövrlərdə bir neçə belə halın şahidi olmuşam. Sürücülük vəsiqəsinin və ya icbari sığortanın müddətinin başa çatdığını bilməyən vətəndaşlar sonradan cərimə sanksiyaları ilə üzləşirlər. Bu baxımdan, vaxtından əvvəl xəbərdarlıq və məlumatlandırma sisteminin tətbiqi kifayət qədər əhəmiyyətli yenilik hesab oluna bilər”.

Deputatın sözlərinə görə, süni intellekt və rəqəmsal idarəetmə texnologiyalarının sürətlə inkişaf etdiyi indiki dövrdə belə mexanizmlərin qurulması texniki baxımdan da əlçatan və effektivdir:

“Bu, ilk növbədə vətəndaşların maraqlarına cavab verən bir addımdır. İnsanları əlavə cərimələrdən, vaxt itkisindən, stress və gərginlikdən qorumağa xidmət edir. Rəqəmsal transformasiya prosesinin sürətləndiyi bir şəraitdə gələcəkdə vətəndaşların gündəlik həyatını asanlaşdıracaq daha çox texnoloji alətin tətbiqi mümkündür”.

A.Allahverənov hesab edir ki, rəqəmsal xidmətlərin genişləndirilməsi dövlət-vətəndaş münasibətlərində yeni mərhələ formalaşdırır: “Bu cür sistemlər vətəndaşla dövlət qurumu arasında birbaşa təması minimuma endirərək əlaqələrin rəqəmsal müstəvidə daha operativ qurulmasına şərait yaradır. Nəticədə həm xidmətlərin keyfiyyəti artır, həm də vətəndaş məmnunluğunu və xidmət səviyyəsini daha effektiv şəkildə qiymətləndirmək mümkün olur”.