"Mən illərdir ailəmlə 30 kv. metrlik evdə yaşayırdıq"


Xalq artisti: "Prezidentimizin mənə ev hədiyyə etməsi ailəmə böyük sevinc yaşatdı"

Prezident İlham Əliyev Xalq artisti Məmmədsəfa Qasımovu (Məmməd Səfa) mükafatlandırıb. 
Ölkə başçısı “YUĞ” Teatrının aktyoruna ev bağışlayıb.

 Xalq artisti ilə əlaqə saxladıq. «Şərq»in oxucuları ilə təəssüratlarını bölüşən Məmməd Səfa Qasımov sevincinin hədsiz olduğunu dilə gətirdi.

- Ölkə başçımız sizə ev hədiyyə etdi. Gözlənilməz sürprizi eşidəndə nə hisslər yaşamış oldunuz?

- Mən cənab Prezidentimizə ailəm və öz adımdan dərin təşəkkürümü bildirirəm. O cümlədən Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təşəkkür edirəm. Nazir olan gündən mən hər zaman bir sənətkar olaraq o qayğını və diqqəti hiss etmişəm. Biz aktyorlar həssas oluruq. Təbii ki, yaradıcı ruhlu insanlar qayğı və diqqət hiss edəndə bu onlara daha böyük stimul verir, yaratmaq, çalışmaq məsuliyyətini artırır. Sənəti, səhnəni sevən insan onsuz da sənət fədakarı olur. Sən səhnəyə nəyəsə görə deyil, səhnəni sevdiyin üçün çıxırsan. Amma sənətinə dəyər görəndə bu səni bir az da ruhlandırır. Əslində hər insan diqqətə, qayğıya ehtiyac duyur. Cənab Prezidentimizin bu hədiyyəsi mənim üçün gözlənilməz bir sürpriz oldu. 

- Ailəniz necə qarşıladı bu xəbəri?

- İki övladım var. Bir qızım tələbədir, oğlum 8-ci sinifdə oxuyur. Ailəm təbii ki, bu xəbərdən təsirləndi, sevindi. Hamı istər ki, rahat həyat yaşasın, şəraiti olan evi olsun. Mən illərdi ailəmlə 30 kv. metrlik evdə yaşayırdıq. Həqiqətən çətin idi, darısqal idi. Uşaqlar böyümüşdü. Ona görə Prezidentimizin mənə ev hədiyyə etməsi ailəmə böyük sevinc yaşatdı.

- Elə bir teatrda çalışırsız ki, "YUĞ" Teatrı digərlərindən fərqlənir. Hətta sizin tamaşaçı kontingentiniz də fərqlidir

- Həqiqətən aktyor olmaq fədakarlıq tələb edir. Amma "YUĞ" Teatrında çalışmaq fərqlidir. Bizim teatrın tamaşaçısı da digər teatrların tamaşaçısından fərqlənir. Rəhmətlik Vaqif müəllimin qoyduğu yol  çətin də olsa, özəlliyi ilə seçilib, xüsusi bir dəsti-xətt qoyub getdi. Biz də o yolun davamçısı olmağa çalışırıq.

- İnternet dönəmi gələndən, bəzilərinin fikrincə, teatr dönəmi bitdi. Bu fikirlə nə qədər razılaşa bilirsiz?

- Qətiyyən razılaşmıram. Çünki hər dövrdə teatra gələnlər olub, bu gün də var, sabah da olacaq. Teatr dönəmi bitə bilməz. Çünki teatra maraq göstərən tamaşaçı hər zaman olub. Teatr kütləvi sənət deyil. Mən hesab etmirəm ki, teatr kütlə üçün nəzərdə tutulub. Müəyyən təbəqə var ki, onlar mütəmadi teatra gəlirlər, onlar aktyorla canlı ünsiyyətdə olmağa maraqlı olur. Ona görə də heç vaxt ola bilməz ki, teatr tamaşaçısız qalsın. Hər teatrın da öz tamaşaçısı  var.

- Maddiyyatın necə, səhnəyə çıxan aktyora  təsiri olurmu?

- Bilirsiz, bunu aktyorla, sənətlə bağlamaq düzgün deyil. Bunu insan faktoru ilə əlaqələndirmək lazımdı. Bir insanın sosial həyatında çətinliklər, sıxıntılar varsa, bu özünü bu və ya başqa şəkildə iş həyatına təsirsiz ötüşmür. Təbii ki, səhnəyə çıxan aktyorun da sıxıntısı varsa, bu, onun aktyor ifasına mütləq həmin məqamda təsir edir.

- Tərəf-müqabilinin kimliyi səhnədə aktyorun ifasına nə qədər təsir etmək gücünə malikdir

- Tərəf-müqabilinin kimliyi çox böyük bir faktordu. Obrazın yaxşı və ya pis alınmasında 50 faiz tərəf-müqabilinin üzərinə məsuliyyət düşür. Tərəf-müqabili kimdir? Bu faktor ən vacib amillərdəndir. İstər sənəti, istərsə də şəxsiyyəti obraza təsir edə bilir.


Paylaş
Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu