Ortaq sənaye parkı: Bu həm İran, həm də Azərbaycan üçün əlverişlidir

“Ortaq sənaye parkının yaradılması qərarı həm İran, həm də Azərbaycan üçün əlverişli hesab olunur”. Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib. 

Ekspert bildirib ki, İran iqtisadiyyatı kövrək olmaqla yanaşı, xammalla zəngindir: 

“Uzun illərdir Qərb dövlətlərinin iqtisadi sanksiyalarına məruz qalan İranda avtonom iqtisadi mühit formalaşıb. Azərbaycanın İranla sərhəd rayonlarında sakinlər demək olar ki, bütün zəruri ərzaqlarını, mebel və digər sənaye məhsullarını İrandan təmin edirlər. Bu o deməkdir ki, İranda istehsal olunan məhsullar vətəndaşlarımız üçün cazibəli və yararlıdır. Digər tərəfdən İranın dünya bazarlarına çıxa bilməməsi Azərbaycanla müştərək sənaye parkını yaradılmasını zəruri edir. Məlumdur ki, bu məhsullar Azərbaycan brendi ilə dünya bazarına çıxarılacaq”. 

F.İbrahimlinin fikrincə, Azərbaycanda istehsal olunan məhsullarda əsas problem qiymət əmələgəlmə prosesi ilə bağlı xərclərdir: 

“Hazırda bu problemin öhdəsindən gələ bilmirik. Ona görə də İran təcrübəsi bizə lazımdır. Əgər ortaq layihəni reallaşdıra bilsək, qiymət əmələgəlmədə əngəllərin aradan qaldırılmasına nail ola bilərik. MDB məkanında da bu sahədə ilk yerlərdən birini tutarıq”. 

Ekspert Qərbin sanksiyalarına məruz qalan İranla iqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycanın təzyiqə məruz qalıb-qalmayacağına da münasibət bildirib: 

“Azərbaycanın İranla iqtisadi əməkdaşlığı hansısa nanotexnologiyaya, yaxud kütləvi qırğın silahlarının formalaşmasına yönəlməyib. Biz İranla sadəcə olaraq beynəlxalq iqtisadi ölçüdə mikrobizneslə məşğul olacağıq. Ona görə də düşünmürəm ki, bu məsələdə Azərbaycanla İranla yanaşı, hansısa təzyiqlə üzləşsin”. 
 
Qeyd edək ki, İranın Ərdəbil vilayətinin Parsabad rayonu ərazisində Azərbaycanla birgə ortaq sənaye parkının yaradılması haqda razılıq əldə olunub. İran-Azərbaycan birgə ticarət palatasının iranlı baş katibi Hüseyn Vosuqi bildirib ki, birgə sənaye parkının yaradılması üzrə razılaşma iki ölkənin iqtisadi əlaqələrində müsbət addımdır. Onun sözlərinə görə, sənaye parkında həm iranlı, həm də azərbaycanlı istehsalçılar birgə şəkildə məhsul istehsal edəcəklər.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu