Müəllim və tələbələr “kitab oxuyaq” aksiyası keçirirlər


 BDU-nun Jurnalistika fakültəsinin bir qrup müəllim və tələbə heyəti “kitab oxuyaq” aksiyasına start verib. Onlar ədəbiyyatı təbliğ etmək məqsədilə “Libraff” mağazalar şəbəkəsinin filiallarının birini ziyarət edərək kitablar alıblar. Fakültənin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədlinin təşəbbüsü ilə həyata keçirilən kampaniya davamlı olacaq.



“Biz fakültəmizdə müxtəlif kurs tələbələrindən ibarət bir “yaradıcı komanda” formalaşdırmışıq. Qərara aldıq ki, ədəbiyyatı təbliğ etmək məqsədilə aksiyaya başlayaq. Bu dəfə fakültəmizin müəllimlərindən professor Alxan Bayram oğlu qonağımız oldu. Növbəti dəfələrdə isə Aqil Abbas, Umud Mirzəyev və digər mətbuat mənsubları ilə birlikdə aksiyamızı həyata keçirmək istəyirik. Çalışacağıq ki, ayda bir dəfə, daha dəqiq desəm, hər ayın son həftəsi bir kitab mağazasına gedək və kitablar alaq” - deyə Cahangir müəllim bildirib.


 



Tələbələr də kampaniyadan razılıqlarını ifadə edib və buna görə Cahangir Məmmədliyə təşəkkür ediblər.

Kənan Novruzov,
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi