“Kredit borclarının dondurulması realdırmı? ! – AKTUAL 

“İnsanların xeyli hissəsi maddi çətinlik çəkirlər. Amma dövlət banklara deyə bilməz ki, kreditləri dondurun”

“Hesab edirəm ki, dövlətin yardımına ehtiyac var. Faiz gəlirlərini banklara dövlət ödəməlidir”



Millət vəkili Aydın Mirzəzadə parlamentin bugünkü iclasında maraqlı təşəbbüslə çıxış edib. Deputat xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə qeyd edib ki, bank kreditləri ilə bağlı hazırda işlər gedir: “Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”.


Deputatın təklifini yüksək qiymətləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Sherg.az” açıqlamasında bildirib ki, hazırkı durumda bankların kredit borclarını dondurmasına ciddi ehtiyac var:

“Banklar kredit borclarını ona görə dondurmalıdırlar ki, vətəndaşları karantinə görə evdə qalmağa məcbur edirik və gün ərzində 2 saat çölə çıxmağa icazə verilir. Bu 2 saat ərzində vətəndaş kredit ödəməyə gedirsə, virusun yayılması üçün təhlükə yaranır. Çünki insanlar banka gedir və hər halda ödəniş etmək üçün bir yerdə toplaşırlar”. 

İqtisadçı qeyd edib ki, kredit borclarının dondurulmasını zəruri edən amillərdən biri də vətəndaşların gəlirlərinin azalmasıdır:

“İnsanların xeyli hissəsi maddi çətinlik çəkirlər. Ona görə də dövlətin belə bir qərar verməsi yaxşı olardı. Amma dövlət banklara deyə bilməz ki, kreditləri dondurun. Dövlət yalnız tövsiyə edə bilər. Çünki banklar da özəldir və onların da vətəndaşlar qarşısında öhədlikləri var. Məlumdur ki, banklar əsasən kreditə öz pullarını vermirlər, həmçinin vətəndaşlara əmanətlər üzrə faiz ödəyirlər. Banklar verdikləri kreditdən gəlir əldə etməlidir ki, faizləri də ödəyə bilsin. Ona görə də kreditlərin dondurulması banklara zərər vura bilər. Hesab edirəm ki, dövlətin yardımına ehtiyac var. Dövlət bankların zərərini ya tam, ya da qismən ödəsə, problem həll olar. Gərək banklar da buna razılıq versin. Məsələn, dövlət 3 aylıq kreditlər üzrə tətil elan edir və bankların bu müddət ərzində nə qədər faiz gəliri itirdikləri hesablanır. Faiz gəlirlərini banklara dövlət ödəməlidir. Məsələn, mən bankdan 5 min manat kredit götürmüşəm və ayda 500 manat ödəməliyəm. 500 manatın 300 manatı əsas borcdan çıxılır, 200-ü isə faizdir. Dövlət vətəndaşların faizlərini ödəmək üçün yardım göstərə bilər. Əsas borc isə yerində qalır, vətəndaş həmin borcu özü ödəyir. Bu işlərin görülməsi üçün dövlət öhdəliyi üzərinə götürməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu