Koronavirusa yoluxan jurnalist "Şərq"ə danışdı: "Elə öskürürdüm ki..."

"Gələnlərin,  zəng edənlərin, mesaj yazanların hər biri sağ olsun, indi hər bir xoş söz dərman əvəzidir"


 İdman jurnalisti, "Supersport.az" saytının baş redaktoru Anar Cəfərsoy və anası koronavirusa yoluxub. O, hazırda Azərbaycan Tibb Universitetinin Tədris- terapevtik klinikasında, anası isə "Neftçilər" xəstəxanasında  müalicə olunur. Həmkarımızın vəziyyəti yaxşılaşmağa doğru gedir. O, "Sherg.az"a açıqlamasında tibb işçilərinin qayğısından söz açıb:

"Əvvəlcə bizi köhnə "Semaşko"ya yerləşdirdilər. Hər iki klinikada xəstələrə yüksək diqqət və qayğı var. Bizim üçün hər cür şərait yaradılıb. Tibbi personala çox minnətdaram. Onlar insanların sağlamlığına görə gecələrini gündüzlərinə qatırlar. İlk vaxtlar çox pis idim. Elə öskürürdüm ki, az qala, ağciyərlərim çölə çıxırdı. Şükür, indi yaxşıyam. Bircə anamdan nigaranam".

A. Cəfərsoyun sözlərinə görə, narahat olanlar, maraqlananlar kifayət qədərdir. Jurnalist onların hər birinə minnətdarlığını bildirdi:

"Respublikanın baş infeksionisti Cəlal İsayev şəxsən gəldi, mənəvi dəstəyini bildirdi.  Yenicə yaranmış Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev də bizə həm mənəvi, həm maddi dəstək göstərdi. Həmçinin "Qarabağ" futbol klubunun rəhbərliyi, Bakı Şəhər Gənclər və  İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da bizi unutmadı. "Sabah" Futbol Klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç də mənə zəng edib, mənəvi və maddi dəstək verməyə hazır olduğunu söylədi. Gələnlərin,  zəng edənlərin, mesaj yazanların hər biri sağ olsun. "Şərq" kollektivinə də minnətdaram. İndi hər bir xoş söz dərman əvəzidir".

Tanınmış qələm sahibi insanları diqqətli olmağa çağırdı:

"Statistika göz qabağındadır. Ehtiyatı əldən vermək olmaz. Koronavirus etinasızlığı, zarafatı sevmir. Yaş, cins, vəzifə tanımır. Çox təhlükəli, əziyyətli xəstəlikdir. İnsanlarımız gərək  özlərini, əzizlərini qorusunlar, gigiyenik qaydalara əməl etsinlər. Heç kəsə bu xəstəliyə yoluxmağı arzu etmirəm. Tanrı bəşəriyyəti, millətimizi qorusun!".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu