Jurnalistikada nəzəriyyə önəmlidir, yoxsa təcrübə ?! - Üz-üzə !

Nəsir Əhmədli: “Qəzetin tərtibindən tutmuş satışına qədər hər şey elmi əsaslarla gerçəkləşdirilirdi”

Arif Əliyev: “Tələbələr nəzəriyyədə öyrəndiklərini mütləq praktikada tətbiq etməlidirlər. Onlara bundan ötrü şərait yaradılmalıdır ”


Jurnalistika unikal peşə sahələrindəndir. Belə ki, bir çoxlarının fikrincə, media mühitində təkcə nəzəriyyə və ya təcrübə ilə kifayətlənmək olmaz. Mətbuat işçisi jurnalistikanın, necə dəyərlər, cikini- bikini bilməklə yanaşı, həm də onu əməli fəaliyyətdə tətbiq etməyi bacarmalıdır. 
Adətən nəzəriyyəçilərlə praktiklərin bu mövzuda fikirləri toqquşur. Birincilər təcrübədə, ikincilər isə tədrisdə çatışmazlıqların olduğunu deyirlər. Maraqlıdır, müəllim necə baş redaktor, media kapitanı necə pedaqoq olar? Mövzunun aktuallığını nəzərə alaraq bu rubrika çərçivəsində növbəti fikirləri təqdim edirik.


"Tənqid dəqiq yoxlanılmış konkret faktlara söykənirdi"

Nəsir Əhmədli, BDU Jurnalistika fakültəsinin professoru:

"Mən BDU-da işləyə-işləyə 1995-2000-ci illərdə həm də "Müxalifət" qəzetinin baş redaktoru olmuşam. Məndən əvvəl qəzetə tanınmış jurnalistlər - Ağamalı Sadiq Əfəndi və Süleyman Osmanoğlu rəhbərlik etmişdilər. Nəzəriyyə ilə praktikanın vəhdəti sayəsində o vaxtlar həmin nəşr ölkənin ən populyar qəzetlərindən biri idi. Orada çox kəskin yazılar dərc olunurdu, amma heç birində etika normalarından kənaraçıxma halları yox idi. Tənqid dəqiq yoxlanılmış konkret faktlara söykənirdi. Məhkəmə çəkişmələrimiz olurdu, lakin hər dəfə biz qalib çıxırdıq. Həmin dövrdə "Müxalifət" gənc jurnalistlər üçün peşəkarlıq məktəbi rolunu oynayırdı. İndi müxtəlif yerlərdə çalışan tanınmış simaların çoxu məhz həmin məktəbin "məzun"larıdır. Qəzetin tərtibindən tutmuş satışına qədər hər şey elmi əsaslarla gerçəkləşdirilirdi. Mənim ən böyük xidmətim ədəbi dil normalarının göz bəbəyi kimi qorunması idi. Təəssüf ki, müəyyən səbəblər üzündən mən oradan ayrılmalı oldum. Bir müddətdən sonra iqtisadi sıxıntı ucbatından və bir sıra başqa amillərə görə qəzet bağlandı".

"Jurnalistlər üçün ən vacib məqam yaddaşdır"

Arif Əliyev, "Yeni nəsil" Jurnalistlər Birliyinin sədri:

"Əvvəla onu deyim ki, məndə müəllimlik bacarığı azdır. Çox az müddət BDU-da, "Təfəkkür", "Xəzər" və "Qərb" universitetlərində dərs demişəm. Görmüşəm ki, eyni proqramı təkrarlamaq mənim üçün çətindir. Amma həmişə vizual materiallara üstünlük vermişəm. Çünki belə olan halda deyilənlər daha yaxşı yadda qalır. Jurnalistlər üçün ən vacib məqam yaddaşdır. Bir çox hallarda faktların yanlış xatırlanması problemlərlə nəticələnir. Ona görə bütün mühazirələrdən, seminarlardan əvvəl insan yaddaşı haqqında məlumat verirəm. Həmçinin, qeyd edim ki, tələbələr nəzəriyyədə öyrəndiklərini mütləq praktikada tətbiq etməlidirlər. Onlara bundan ötrü şərait yaradılmalıdır. Müşahidələrə əsasən universitəti bitirib işləməyə başlayan gəncin müəyyən çətinliklər çəkdiyini deyə bilərəm. Çünki öyrədilənlərin tətbiqi məsələsi bəzən unudulur".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu