Tənqidçidən mübahisəli iddia: “Kitabxanalar muzeyə çevrilə bilər"

“İndi üçüncü dövr-çap məhsulu ilə vidalaşır, növbəti mərhələyə-virtual məkana qədəm qoyuruq”

“Bütün kitabları internet axtarış sistemləri vasitəsilə asanlıqla tapa biliriksə, kitabxanalara zərurət azalır”

“Köhnə nəsil isternetdən istifadə edə bilmədiyinə görə, kitabxanalar hələ ki lazımlılığını qoruyur"

"Amma gənc nəslin kitabxanaya ehtiyacı yoxdur”

Məşhur fransız yazıçısı Viktor Üqonun çox sevdiyim bir sözü var: “Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır”. Deyəsən, cəmiyyətimiz hətta ən güclü yazıçıların əsərlərini də “bəxbəxt” edəcək. Çünki ötən illər ərzində ölkəmizdə yüzlərlə kitabxana bağlanıb. Ümumiyyətlə, bura, bəlkə də, insanların ən az üz tutduğu “xana”dır. Doğrudanmı, kitaba maraq azalıb? Bu, insanı narahat edir. Axı roman, povest oxumayan, ömründə bir dəfə də olsun kitab üzü açmayanlar “canlı bomba”ya bənzəyirlər. Onlar hər an hər şey edə bilərlər.

Deməli, kitabxanaların bağlanması, kitaba marağın azalması kifayət qədər taleyüklü məsələdir.

Tanınmış ədəbi tənqidçi Əsəd Cahangir bu barədə “Sherg.az”a danışarkən narahatlığa əsas olmadığını bildirib: 

“Adətən insanlar məsələnin mahiyyətini anlamayanda təlaş keçirirlər. Kitab tarixi müxtəlif mərhələlərdən keçib. Əvvəl daş kitabələr, sonra lülə formalı kitablar olub. Biz indi üçüncü dövr-çap məhsulu ilə vidalaşır, növbəti mərhələyə-virtual məkana qədəm qoyuruq. Bütün kitabları internet axtarış sistemləri vasitəsilə asanlıqla tapa biliriksə, əlbəttə, böyük  kitabxanalara zərurət azalır.

Həm də bu, dövlətə əlavə yükdür. Ona görə də kitabxanalara gedə bilməyənləri birmənalı qınamaq düzgün deyil. Biz indi də kitab oxuyuruq, sadəcə başqa formada. Yəni məqsəd yox, vasitə dəyişir.

İndiki gənc nəsli savadsız adlandırmaq düzgün deyil. Əgər onlar dövrün tələblərinə uyğunlaşırlarsa, istədikləri informasiyanı dəqiqələr ərzində tapırlarsa, niyə savadsız olmalıdırlar?!”.

Ə.Cahangir kitabxanaların gələcəkdə muzeyə çevrilməsini də istisna etmir:

“Köhnə nəsil isternetin imkanlarından istifadə edə bilmədiyinə görə, kitabxanalar hələ ki lazımlılığını qoruyur. Amma gənc nəslin kitabxanaya ehtiyacı yoxdur. Yəni onların ömrü köhnə nəslin ömrü qədərdir. Mən kitab evlərinin, mağazaların əleyhinə deyiləm. Əksinə, onları qorumaq lazımdır. Amma gərək zamanın tələblərinə də əməl edək, inkişafdan geri qalmayaq. Kitabxanalar indi zəruriliyini qoruyurlarsa, 10-15 il sonra muzeyə çevrilə bilər. Lakin bu, elə də qorxulu deyil. Çünki dövr və onun tələbləri dəyişir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu