YAP-ın yaradılması ictimai sifariş idi
Ziyalıların ümummilli lider Heydər Əliyevə müraciəti Azərbaycandakı prosesləri kökündən dəyişdirdi
Azərbaycanın siyasi həyatında olduqca mühüm rol oynayan Yeni Azərbaycan Partiyası ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Məhz 26 il öncə, 1992-ci ilin 16 oktyabr tarixində bir qrup tanınmış ziyalı ümummilli lider Heydər Əliyevə müraciət ünvanlayıblar. Əslində Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan qurtara bilmədi.
Əksinə, hakimiyyətdə olan və biri-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə ozamankı hakimiyyət maneələr yaratdı. Partiyanı yaratmaq istəyən insanların bir hissəsi Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Nəticədə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə baş tutdu. Beləliklə, müstəqil Azərbaycan tarixində üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirildi. Həyat sübuta yetirdi ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Prezident, partiyanın sədri cənab İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Hazırda 700 minə yaxın üzvü olan hakim partiya cəmiyyətimizdə böyük nüfuza sahibdir.
Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmiş "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Şərq”ə açıqlamasında deyib ki, 1992-ci il 16 oktyabr günü ziyalıların ümummilli lider Heydər Əliyevə müraciət etməsi Azərbaycandakı prosesləri kökündən dəyişdirən tarixi əhəmiyyətli hadisə idi.
Yeni Azərbaycan Partiyasının təsis edilməsi prosesini və onun Azərbaycan dövləti üçün əhəmiyyətini dəyərləndirən baş redaktor bildirib ki, Azərbaycan ziyalılarının Naxçıvanda Ali Məclisin sədri olan Heydər Əliyevə müraciəti və siyasi təşkilatın yaranması ilə bağlı prosesin başlanması yeni mərhələnin əsasını qoydu: "Bu hadisə Azərbaycanın ümumi vəziyyətində və ölkənin gələcək inkişafında nəzərə çarpacaq dərəcədə dəyişiklik yaratdı. O zaman yaşananlar mənim üçün çox qiymətlidir, çünki şəxsən özüm hadisələrin iştirakçısı olmuşam. Ziyalıların ulu öndər Heydər Əliyevə ünvanladıqları və "Səs” qəzetində dərc edilən müraciətin kökündə duran mühüm proseslərdən xəbərdaram. Sonrakı mərhələdə Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı ziyalıların təklifinə razılıq verməsi və Naxçıvanda təsis konfransının keçirilməsi hadisəsinin də iştirakçısı oldum. Təsis konfransına şəxsən qatıldım və yeni partiyanın yaranmasının nə qədər böyük bir ictimai sifariş və ictimai dəstək çərçivəsində baş verdiyini gördüm”.
A.Quliyevin sözlərinə görə, elə ilk konfransda aydın oldu ki, Azərbaycanın sonrakı taleyində böyük rol oynaya biləcək bir təşkilatın yaranma prosesi gedir:
"Başqa siyasi partiyalar çox məhdud miqyasda və az sayda insanların dəstəyi ilə yaranırdı. Lakin Yeni Azərbaycan Partiyasının təsis konfransında bariz görsəndi ki, təşkilat məhz xalqın dəstəyi ilə qurulur. Orada iştirak edən şəxslər Azərbaycanın ən müxtəlif yerlərindən olduqca mürəkkəb bir şəraitdə Naxçıvana gəlmişdilər. Konfransda iştirak edənlərin sayından dəfələrlə çox insan yeni siyasi birliyin quruculuq prosesində yer almaq istəyirdilər.
Əlbəttə, bu hadisənin kökündə ümummilli liderin şəxsiyyətinin böyüklüyü və ictimaiyyətin ona bəslədiyi ümidlər dayanırdı. Çox yaxşı haldır ki, ulu öndər Azərbaycan xalqının ona bəslədiyi ümidləri yüksək səviyyədə doğrultdu və təsdiq etdi ki, 1992-ci ildə Azərbaycan xalqı çox düzgün seçim edib. Həmin seçimin nəticəsi olaraq bu gün dinamik şəkildə inkişaf edən, daxildəki bütün böhranlara son qoyan, dünya miqyasında üstün mövqeyə malik olan bir Azərbaycan əldə etmişik. Bu baxımdan 16 oktyabr gününü və ondan sonrakı prosesləri analoqu olmayan hadisələr kimi dəyərləndirmək və hər zaman xatırlamaq lazımdır”.
İsmayıl