DİQQƏT ! Konfetin içərisində udduğu iynəni boğazından son anda çıxardı - FOTO

Bakıda “Elvan” şirkətinin istehsalı olan “Toffix” konfetlərinin içərisindən iynəyə bənzər dəmir parçası çıxıb. Bununla bağlı sakinlər sosial şəbəkədə paylaşım edib. Zərərçəkən bildirib ki, iynəyə bənzər dəmir parçasını son anda boğazından çıxarıb. Məsələyə aydınlıq gətirən şirkət bazarda himin məhsulların saxtası və bənzərinin çox olduğunu deyib. 


Ümumiyyətlə, son vaxtlar qida məhsullarının içərisindən müxtəlif yad cisimlərin çıxması halı ilə tez-tez qarşılaşırıq. Hər zaman da bu hadisə geniş müzakirələrə səbəb olur və  kəskin pislənilir. Buna rəğmən yenə də qida məhsullarının içərisindən müxtəlif cisimlərin çıxması halı azalmaq bilmir. 

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a söyləyib ki, belə halların sayı çoxdur:

“Ofisimizə bu kimi şikayətlər çox gəlir. Eyni zamanda sosial mediadan da görürük ki, çörəyin, yağın içərisindən müxtəlif yad cisimlər çıxır. Təbii ki, istehlakçılar bu kimi problemlərdən narahat olur.

Amma bəzən bu cür informasiyaların 95 faizi yalan olur. Yəni, inkişaf etmiş bir şirkətlə rəqabət aparan digər istehsalçılar belə dezinformasiya yayır. Lakin bəzi hallarda da kiçik istehsal yerlərində məhsulların içərisindən yad cisimlərin aşkarlanması birbaşa işçi səhlənkarlığından və ya anti- sanitar məkanda iş görülməsi ilə bağlı olur. Məsələn, bir müddət əvvəl çörək sexində yoxlama apardım. Gördüm ki, qadınlar qulaqlarında sırğa, boyunlarında muncuq iş görürlər.

Həmin an irad tutdum ki, hər an o zinnət əşyası məhsulun tərkibinə qarışa bilər. Amma iri şirkətlərdə, sexlərdə məhsullar müasir texnologiya ilə hazırlandığı üçün onların tərkibində yoxlamalar aparılır.

Ona görə də o cür iri istehsal sexlərində məhsullar tam sanitar normalara uyğun hazırlanır. İndiki məlumatı da dezinformasiya kimi qiymətləndirirəm , amma istisna da ola bilər.

Ona görə də Qida Təhlükəsizliyi Agentliyi bütün qida sektorunda düzəliş sistemi həyata keçirməlidir.

Əgər bir məhsulun içərisindən yad cismin aşkar olunması sübut olunarsa, o zaman məhkəməyə müraciət edilib, hüquqi tənzimləmə həyata keçirilə bilər”