Prezidentin fakta əsaslanan arqumenti: İlham Əliyev İrəvanın faşizmə sevgisini ifşa etdi

“Prezidenti İlham Əliyev MDB ölkələrinin iclasındakı çıxışı zamanı işğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa etdi”. 

Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, Prezident Ermənistanın yürütdüyü işğalçı siyasətin faşizmə olan sevgisini sübut etdi: 

“İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə İrəvanda heykəlin qoyulması, erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal olunması və soyqırımı törədilməsi, faşizm ideologiyasının əyani sübutudur. Ermənistan rəhbərliyi terrorçuluq və faşizmlə silahlandığına görə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində addımlar atmır. Prezident İlham Əliyevin iclasda bu məsələni gündəmə gətirməsi işğalçı Ermənistanın iç üzünün açılması deməkdir. Azərbaycan Prezidenti tarixi arqumentlərlə Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi və MDB məkanında faşizmin qurbanı olmuş insanların xatirəsi kontekstində bunun yolverilməz olduğunu bildirdi”.



Hikmət Babaoğlu: "Njdeyə İrəvanda heykəlin qoyulması, erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsidir"


Milli Məclisin üzvü bəyan edib ki, Prezident İlham Əliyev Ermənistanın apardığı təcavüzkar siyasəti dünya ictimaiyyətinə çatdırmaqla məsələnin nə qədər təhlükəli olduğunu bir daha göstərdi: 

“Dövlət başçısı sübut etdi ki, Ermənistanın apardığı işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır. Prezident bununla MDB dövlət başçılarının diqqətinə çatdırdı ki, faşizm ideologiyası ilə silahlanmış Ermənistan təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəlidir. Bu çıxış Azərbaycan həqiqətlərinin Ermənistanın işğalçılıq siyasəti kontekstindən bir daha dünyaya çatdırılması idi. Prezidentin çıxışından sonra MDB dövlət başçıları erməni terrorçularının Xocalı, Ağdaban və Daşaltı faciələrini faşizm ideologiyasına əsaslanaraq törətdiyini dərk etmiş oldular”.