Ülvi Qılınc: “Samir Cəfərovla aramızda inciklik yoxdur”

"O, sadəcə mənim səsimə, potensialıma bələd olduğu üçün mənim kənarda qalmağıma təəssüfünü çatdırmağa çalışıb"



Xalq artisti Samir Cəfərovla həmkarı Ülvi Qılınc arasında qalmaqal baş verib.
Opera ifaçısı Ülvinin  “Öz ölümümün vaxtını bilirəm” fikirlərinə münasibət bildirib. O, sənətçi haqda sərt sözlər deyib: “Deyir ki, ölmək istəyirəm. Bu, Allahın işidir. Ölüm o zaman gerçəkləşir ki, insan şəxsiyyətini itirir. 

Bir insanın şəxsiyyəti öldüsə, həmin gün gözümdə ölü sayılır. Ülvi gəzən ölüdür. Boyu-buxunu, sənəti, səsi var. O, axıradək getməyən tenordur. Öz bacarığını sonadək kamilləşdirməyib, yarıda qalıb. Ülvi, get, sənətlə məşğul ol, qıraqda qalmısan”.

Müğənni Ülvi Qılıncla əlaqə yaradıb Samir Cəfərovun açıqlamasına cavab istədik. «Şərq»ə danışan Ülvi Qılınc «Həqiqətən mənə deyəndə qəribə gəldi. 

Çünki bizim Samir Cəfərovla həmişə çox gözəl münasibətimiz, ünsiyyətimiz olub, yol yoldaşı olmuşuq, bir yerdə çörək kəsmişik. Hər zaman da qarşılıqlı ünsiyyətimiz, gözəl münasibətimiz olub. Düşünmürəm ki, Samir Cəfərov barəmdə pis bir niyyətlə açıqlama versin. Samir müəllim hər zaman yerini, sözünü bilən insandı. O, sadəcə mənim səsimə, potensialıma bələd olduğu üçün mənim kənarda qalmağıma təəssüfünü çatdırmağa çalışıb. Yenə qeyd edirəm, elə bir insanın açıqlamasını mətbuat şişirtməyə çalışır ki, onunla aramızda bu günə qədər heç bir inciklik, narazılıq da olmayıb. Opera Teatrının səhnəsində tərəf-müqabili də olmuşuq. Opera səhnəsində illər sonra ilk «Koroğlu» mən olmuşam, məndən sonra Samir Cəfərov da bu rolu oynayıb. Bütün bunlar münasibətlərimizi yaxınlaşdırıb. Məni sadəcə səhnədən küsdürənlər olub. Vaxtilə mənim yolumu kəsənlər oldu deyə, mən operadan da, böyük səhnədən də incik düşdüm. Görünür, bunu Samir müəllim də hiss edib deyə, tövsiyə edir ki, kənarda qalmayım. Həyatdır, bilmək olmaz, bir gün yenidən opera səhnəsinə də qayıda bilərəm. Mən öz istedadıma və səsimə güvənən insanam, kiməsə arxayın olmamışam. Həyatın axarını görüb o axarın arxasınca gedirəm. Ola bilsin sabah elə bir məqam yetişər ki, hər şey bir anda dəyişə bilər. Mən isə səbrli insanam».