Zahir Əzəmət: “Bütün instansiyalara müraciət edəcəm”

“Dairə Seçki Komissiyası “əmlak uyğunsuzluğunu” əsas gətirərək deputatlığa namizədliyimi qeydə almadı”. 

Bunu Sherg.az-a açıqlamasında 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş, lakin qeydə alınmamış jurnalist, “Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət deyib. 

Baş redaktor bildirib ki, o, Əmlak Komitəsindən rəsmi arayış alaraq DSK-ya təqdim edib: 

“Bildirişi də həmin rəsmi arayış əsasında doldurmuşam. Əslində bütün sənədlər qaydasındadır. MSK isə deyir ki, Əmlak Komitəsinin verdiyi rəsmi arayış səhvdir. Qəribə bir situasiya yaranıb. Məncə, müxtəlif bəhanələr irəli sürərək namizədliyimi qeydə almırlar. Mənim dairəmdən namizəd spiker Oqtay Əsədovdur. Bakı Apelyasiya məhkəməsi 18 yanvarda verdiyim şikayəti 21 yanvarda baxılması üçün Sumqayıt məhkəməsinə göndərib. Bütün hallarda sona qədər gedəcəm. Əgər haqqıma giriblərsə, haqqım rəsmən tanına qədər mübarizəni davam etdirəcəm. Bütün instansiyalara müraciət edəcəm”. 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Zahir Əzəmətin DSK-ya təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlərin düzgün qeyd edilmədini bildirib. Məsələ səsverməyə çıxarılıb və DSK-nın “namizədliyin qeydə alınmaması” ilə bağlı qərarı qüvvədə saxlanılıb.