Paşinyana dəyən növbəti tərs sillə: İlham Əliyev işğalçıların yalanlarını ifşa etdi

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. 

Görüşdə dövlət başçısı İlham Əliyev tarixi faktlara əsaslanaraq Paşinyanın “Qarabağ Ermənistan torpağıdır” iddiasını alt-üst edib. Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi isə gülüş doğurub. Nəticədə Münhen debatı zamanı İlham Əliyev bir daha qarşı tərəfi mat vəziyyətinə salıb, Dağlıq Qarabağın tarixi Aazərbaycan torpaqları olduğunu bütün dünyaya bəyan edib. 



Elman Məmmədov: “Paşinyan Münhen debatı zamanı Tiqranı yada salmaqla, Xocalı soyqırımını danmaqla gülünc vəziyyətə düşdü”


Xocalıdan olan deputat Elman Məmmədov Sherg.az-a bildirib ki, bu, dövlət başçısının siyasi aləmdə işğalçı Ermənistan dövləti üzərindəki növbəti qələbəsi idi. 

“Cənab Prezident İlham Əliyev Münhendəki çıxışında çox qətiyyətli, cəsarətli mövqe ortaya qoydu. Bu, təkcə Prezidentin yox, həm də Azərbaycan xalqının mövqeyi idi. Dövlət başçısı qətiyyətli mövqeyi ilə ermənilərə dedi ki, ikinci Ermənistan dövləti yaratmaq niyyətləri heç zaman baş tutmayacaq. Onlara bildirildi ki, Azərbaycan torpaqlarından uzaq olmalıdırlar. Bu, son il yarım ərzində Paşinyana dəyən növbəti şərt sillə idi. Paşinyan Münhen debatı zamanı Tiqranı yada salmaqla, Xocalı soyqırımını danmaqla gülünc vəziyyətə düşdü. Halbuki Zori Balayan, Serj Sarkisyan və digərləri də bu faciəni törətdiklərini etiraf ediblər”.