"CISCO şirkəti ilə strateji tərəfdaşlıq ölkəmizin müasirləşməsinə təkan verəcək"


“Şirkətin  icraçı vitse-prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər respublikamızın dünyadan artan nüfuzunun göstəricisidir”



"CISCO şirkəti ilə strateji tərəfdaşlıq ölkəmizin müasirləşməsinə təkan verəcək".
Bu fikirləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat bildirib ki, koronavirus pandemiyasının böyük fəlakətlərə yol açdığı, sərhədlərin müvəqqəti bağlandığı bir vaxtda dünyanı dəyişdirən müasir texnologiya vasitələrindən istifadə günümüzün aktuallığına çevrilib:

"Dünyada qlobal enerji bazarının mühüm faktorlarından biri kimi çıxış edən Azərbaycan bu prosesdə də irəlidədir. CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və digər nümayəndələr arasında keçirilən videokonfransda Azərbaycanın beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsi, siyasi islahatlar məsələlərinə toxunulub.

Ölkəmizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi CISCO şirkətinin icraçı vitse-prezidenti Kelli Kramerin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də respublikamızın dünyadan artan nüfuzunun göstəricisi oldu: “COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz”.

Parlament üzvü xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən hər iki mühüm beynəlxalq tədbirin görüşləri CISCO-nun müasir avadanlıqlarından istifadə edilməklə videokonfrans formatında təşkil edilib:

"Hər zaman yeni təşəbbüslərin müəllifi kimi çıxış edən, müasir texnologiyalara açıq olan Azərbaycanın “CISCO” şirkəti ilə əməkdaşığı ölkəmizin prioritet istiqamətləri üzrə layihələrlə, müasir texnologiyaların tətbiq edilməsi ilə davam etdirilir. Ölkəmiz postpandemiya dövründə də həm innovativ, həm də qeyri-neft sektorunun inkişafının davamlılığını həyata keçirəcək.

Şəhərlərimizin daha ağıllı hala gəlməsi ilə gündəlik həyatımız daha da asanlaşacaq. “Ağıllı şəhər”, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni, kənd təsərrüfatının rəqəmsallaşdırılmasını və su ehtiyatlarının idarə olunmasını əhatə edən “Smart ölkə” layihələri regiondakı mövqeyimizi daha da möhkəmləndirəcək. Həmçinin, ölkəmizin aparıcı dövlətlərlə münasibətinə yeni ab-hava gətirəcək. XXI əsrdə müasir texnologiyalar olmadan müasirlikdən, yeniliklərdən danışmağa belə dəyməz".

N.Həmzəyevin sözlərinə görə, dövlət başçısının rəhbərliyi və siyasi iradəsi ilə həyata keçirilən islahat və layihələr sayəsində Azərbaycan postpandemiya dövründə iqtisadi fəallığını bərpa edəcək.