“Ermənistanda təkcə pandemiya deyil, həm də siyasi böhran yaşanır”

“İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağında davam edir. Çünki bu ölkənin mayası işğalçılıqdan, terrordan, demokratik dəyərlərə hörmətsizlikdən yoğrulsa da beynəlxalq təşkilatların maraqlarının ifadəçisinə çevrilməsi, onların əlində alət rolunu oynaması evin ərköyün uşağı kimi başına sığal çəkilməsinə səbəb olur”. 
Bu fikirləri “Sherg.az” açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru, siyasi şərhçi Vüqar Rəhimzadə deyib. O bildirib ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə köçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq: 

“Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq. Bir sözlə ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. Təbiidir ki, yalan üzərində qurulan və ona kənardan gələn dəstək əsasında həyata keçirilməsi davam etdirilən siyasətin sonu olmaz”. 

Baş redaktor bildirib ki, hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır: 

"Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib və o, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. 
Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Onun məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. 

Q.Sarukyanla bağlı son hadisələr fonunda özlərini “azadlıq carçısı” adlandıran bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi diqqətdən kənarda qalmır.



Çünki digər ölkələrdə, xüsusilə Azərbaycanda baş verən ən kiçik olayı diqqətlə izləyib, ona öz maraqlarına uyğun olaraq siyasi don geyindirməyə, ən əsası demokratik prinsiplərin kobud şəkildə pozulması kimi təqdim etməyə çalışan Qərbin demokratiya institutları nə üçün işğalçı dövlətə «diqqətsizlik» nümayiş etdirir?

Bu «diqqətsizliklərin» fərqində olmayan həmin qurumlar özləri demokratiyanın tələblərini kobud şəkildə pozur. Artıq bu reallığı təsdiqləyirlər ki, hazırladıqları hesabatlar reallıqları deyil, Azərbaycanın daxilindəki hansısa antimilli ünsürlərin, erməni və ermənipərəst dairələrin maraqlarını əks etdirir”. 

V.Rəhimzadə bildirib ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi məlum olaylardandır: 

“Paşinyan öz siyasi rəqiblərini bir-bir həbsə atmaq yolunu tutub. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır.

Onun yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdırsa, ona dəstək verən dünya dövlətlərinin məqsədi isə öz maraqlarını həyata keçirmək üçün siyasətdən xəbəri olmayan paşinyanları hakimiyyətdə saxlamaq və ondan bir vasitə kimi istifadə etməkdir. 

Maraqların üst-üstə düşməsi Ermənistanın ərköyünlüyünün dərinləşməsində katalizator rolunu oynayır. Amma 30 ildən artıqdır ki, dünya dövlətlərinin maraqlarının toqquşması fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini gözləyir.
 
Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin problemin həllinə öz maraqları prizmasından yanaşmaları hələ də ümumi mövqenin ortaya qoyulmasını çətinləşdirir. 

Nə qədər ki, dünya ikili siyasətinə son qoymayıb, qəbul edilən qətnamələr kağız üzərində qalıb münaqişəli məsələlərin həllində ədalət axtarmaq sadəlövhlük olar. Ermənilərə ədalət meyarının nə olduğunu başa salmağın zamanıdır”.