Virusa yoluxma riski daha böyükdür


Ona görə 65 yaşdan yuxarı insanların işə cəlb olunmasına məhdudiyyət qoyulub

Baş Nazir Əli Əsədovun avqustun 10-da imzaladığı məktubda 3 əsas məqam nəzərdə tutulub. Məktubda nəzərdə tutulan dövlət orqanlarında işə cəlb ediləcək işçilərin sayının 20-30 faizdən ən çoxu 50 faizə qaldırılması ilə bağlı tapşırıq verilib. Həmin dövlət orqanlarında indiyə qədər işçilərin 20 və 30 faizi işə cəlb edilirdi. Bu sayın dərəcəsi artıq 50 faizə qədər yüksəldilib.

Məktubda qeyd edilən ikinci məqama əsasən, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməməsi tapşırığı verilib. Qeyd edək ki, indiyədək 60 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan idi. Üçüncüsü isə dövlət orqanlarında əməkdaşların həftələr üzrə qrafik müəyyən edilməklə, növbəlilik qaydasında işə cəlb edilməsi tapşırılıb.

Bu barədə "Şərq”ə şərh edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, baş nazir bununla da bir daha müəyyən müəssisələrə yenidən xatırlatma edib:

“Baş nazirin imzası ilə 48 mərkəzi icra hakimiyyəti orqanlarına və digər dövlət tədqiqatlarına məktub göndərilərək onlara bir daha xatırlatma edildi. Təbii ki, görünür bunun da müəyyən səbəbləri var. Yəqin ki, hansısa dövlət orqanlarında bu qaydalar ciddi şəkildə pozulub”.

S. Məmmədov 65 yaşdan yuxarı insanların isə ümumiyyətlə işə cəlb olunmasının səbəbini belə izah edib:

“Bu yaş qrupunda insanların işə cəlb edilməməsinin başlıca səbəbi yoluxma ilə əlaqədardır. 65 yaşlı şəxslər yoluxmaya daxil olanlar arasında ən yüksək risk qrupundadırlar. Qərarda həmçinin göstərilib ki, vətəndaşlar mümkün hallarda məsafədən yəni onlayn işləsinlər. Bu mümkün olmadıqda isə 50 faizə qədər işçilər növbəlilik prinsipi əsasında işə cəlb olunsunlar.

Ötən dövr göstərdi ki, yoluxmalar ən çox qapalı məkanlarda baş verir. Bu qərarlar yoluxmanın qarşısının alınması üçün həyata keçirilən mühüm tədbirlərdir”.