“Səs və göz yaddaşım çox güclüdür” - Çempion

Ramin İbrahimov: “İdmançıda yaxşı mənada paxıllıq hissi olmasa, heç vaxt qabağa gedə bilməz”

“Olimpiya çempionu səviyyəsinə qalxan hər idmançı elə-belə insan olmur. Onun hər zaman beyni və əli işləyir, habelə səs və göz yaddaşı daha güclü olur”

“...Sonradan gözüm zəiflədi. Bəzən elə olurdu ki, yarış zamanı tablonu görə bilmirdim. Elə bilirdim ki, xal hesabında irəlidəyəm”

“Bir yaxın dostum mənə ərəb atı hədiyyə edib. Görəsiniz, necə şirindir və gözəldir. Onu bəsləməkdən, yemləməkdən bir başqa zövq alıram”

 
 
Qəhrəmanımız hər zaman deyib-gülən, şən və çox mehriban insandır. Pozitivliyi sevir, həyatın keşməkeşlərindən dərs almağa çalışır. Hər hansı bir pis hadisə baş versə də, onun sonunda bir xeyir olduğunu düşünür.

Yaşadığı çətinliklərinə baxmayaraq fədakarlığı sayəsində ikiqat Avropa çempionu, Dünya Paralimpiya Oyunlarının qalibi, Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda keçirilən Yay Paralimpiya Oyunlarının qızıl medalçısıdır. Əvvəllər olimpiyaçılar ilə çiyin-çiyinə döyüşsə də, gözlərindəki ciddi zəiflik səbəbindən 2005-ci ildən paralimpiadada mübarizə aparmağa başlayır. 1978-ci il iyul ayının 2-də Qərbi Azərbaycanda kasıb ailədə dünyaya göz açıb. Ailəlidir. İki qızı və iki oğlu var.

Beləliklə, “Adam kimi adam” rubrikasının bugünkü qonağı paralimpiya, cüdo üzrə Avropa və dünya çempionu, “Tərəqqi” medalçısı, Prezident təqaüdçüsü, Prezidentin Fəxri diplomçusu, Heydər Əliyev Fondunun təqaüdçüsü, Cümhuriyyətin 100 illiyi ilə bağlı prezident medalçısı, “Şöhrət” ordenli, Əməkdar idman ustası Ramin İbrahimovdur.



- İstərdik ki, özünüz haqqında oxucularımıza məlumat verəsiniz?

- Qərbi Azərbaycanda anadan olmuşam. Atam fəhləliklə məşğul idi, biz həyatda mövqe tutaq deyə  gecə-gündüz çalışırdı. Həmişə idmanda nailiyyətlərimin olmasını arzulayırdı. 10 yaşım olanda Bakıya gəldik. Uşaq vaxtlarımdan idmana həvəsim olub. Əvvəllər akrobatika ilə məşğul olmuşam. Daha sonra sambo idman növünə getmişəm. Şahlar Mustafayevin yanında sambo ilə məşğul olmağa başladım. Bu idman növündə nailiyyətlərim çox oldu. Dəfələrlə Azərbaycan çempionu, Avropa birinciliklərinin qalibi, dünya çempionatlarında mükafatçılar sırasında yer aldım. Sambo idman növündə qazandığım ilk medal yadımdadır. Həmin vaxt Bakı çempionatı keçirilirdi. Yarışda üçüncü yeri tutdum. Bundan sonra getdikcə uğurlarım artdı. Sambo ilə bərabər cüdo ilə məşğul olurdum. Hətta karate idman növünə də getmişəm. Lakin sonradan gözüm zəiflədi. Bəzən elə olurdu ki, yarış zamanı tablonu görə bilmirdim. Elə bilirdim ki, xal hesabında irəlidəyəm. Yaxşı görə bilmədiyimə görə çox vaxt məğlub olurdum. 2005-ci ildən paralimpiyadada mübarizə aparmağa başladım.

- İdmanı hər şeydən üstün tutan Raminin ətrafla münasibəti necədir?

- Dostlarım çoxdur.Yəqin xasiyyətim yaxşıdır ki, ətrafıma bu qədər dostlar yığılır (gülür). Belə deyim, xasiyyətcə çox mehriban biriyəm. Deyib-gülməyi, yerində zarafat etməyi çox sevirəm. Tez-tez kimsə səhv etsə, onu bağışlayıram. Amma bir pis xasiyyətim var ki, damarım tutdusa, çox pis dönürəm. Hər dəqiqə küsən birisi deyiləm, səbr edirəm. Amma kimsə qəlbimə bərk toxundusa və ondan incidimsə, bir daha bağışlamıram.

- Bildiyimiz kimi, öz şəxsi klubunuz var. Pandemiya dövründə iş karyeranızda hansı çətinliklərlə üzləşdiniz?

- İdmançı üçün ən böyük çətinlik idmandan aylarla kənarda qalmasıdır. Əgər həmin şəxs idmanı sevirsə, lap çətindir. Bu müddət ərzində idmansız qalmaq bizə həqiqətən çox çətin oldu. Amma neyləmək olar ki? Koronavirus bütün dünyanı bürüyən bir bəladır. Dözməyə məcburuq. Düzdür, müəyyən müddət açıq havada məşqlərə icazə verdilər. Doğrusu, bu tam idmanla məşğul olmağımıza yetərli olmadı. Bir çox idmançılarımız formasını itirdi. Təbii ki, bu yalnız bizdə belə deyil. Bütün dünya idmançılarında da bu hal yaşanmaqdadır. Yəni hamı birlikdə formadan düşüb, birlikdə qalxacaq (gülür). İnşallah, ölkəmizdə noyabr ayında yarışların başlanması gözlənilir. Sevindirici haldır ki, 20 ölkə artıq gələcəyi barədə qeydiyyat keçib.

- İnsan həyatında kimlərəsə paxıllıq edir. Bəs siz?

- Təbii ki, paxıllıq etdiklərim çox olub (gülür). Amma onlara yaxşı mənada paxıllıq etmişəm. Bu, idmançıların ruhunda var. Əgər hər hansı bir idmançıda bu hiss olmasa, heç vaxt qabağa gedə bilməz. Hər zaman özüm Namiq Abdullayeva, Fərid Mansurova, İlham Zəkiyevə paxıllıq hissi keçirmişəm. Hər zaman istəmişəm ki, onların uğurlarına mən də nail olum. Şükür ki, qarşıma məqsəd qoydum, irəli gedə bildim.

- Övladlarınızın sizin kimi idmançı olmasını istəyirsiniz?

- Belə deyim ki, idmançıların övladları çox zaman atalarının yolunu davam etdirmirlər. Ümumiyyətlə, dünyada nadir halda rast gəlinir ki, olimpiya və ya paralimpiya çempionunun uşağı da özü kimi idmançı və ya çempion olsun. Düzdür, idmanla övladlarım maraqlanırlar. Əgər bu yolu seçərlərsə, onlara canla-başla hər cür dəstək olmağa hazıram. Amma inanmıram ki, bundan sonra onlar peşəkar idmanla məşğul olsunlar.

- Xüsusi bacarığınız var?

- Ümumiyyətlə, olimpiya çempionu səviyyəsinə qalxan hər bir idmançı elə-belə insan olmur. Onun hər zaman beyni və əli işləyir, habelə səs və göz yaddaşı daha güclü olur. Məndə isə danışıq və xəyaletmə yaddaşı çox güclüdür. Hər zaman İlqar Rəhimov da bunu deyib. O, zalımın açılışına gələndə təriflədi ki, Raminin göz yaddaşı çox yaxşıdır. İlqar müəllim bildirdi ki, zalda şəkillərin sıralanmasını, kimin harda olmasını və nailiyyətinə görə heç kimin xətrinə dəymədən qoymuşam. Uşaqlıqda rəsm çəkməyi çox xoşlayırdım.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Öz şəxsi bağımda işləməyi çox xoşlayıram. Boş vaxtlarımda ağacları və gülləri sulayıram. Bəzən elə olur ki, bağda özüm də ağac əkirəm. Bir də ən çox heyvanlarımı yemləyirəm. Bundan xüsusi zövq alıram.

- Deyəsən, heyvan saxlamaq sizin hobbinizdir?



- Bəli. Düzü, heyvanları çox sevirəm. Bağ evimdə atlarım, dovşanlarım və müxtəlif heyvanlarım var. Bir yaxın dostum mənə ərəb atı hədiyyə edib. Görəsiniz, necə şirindir və gözəldir. Amma hələ ki, çox balacadır. Onu bəsləməkdən, yemləməkdən bir başqa zövq alıram. Bütün karantin günlərimi onunla keçirmişəm.

- Artıq peşəkar idmandan uzaqlaşmısınız. Bəs idmanın xüsusi qayda-qanunlarından necə?

- Güləşdiyim vaxtlar xüsusi rejimimə hər zaman diqqət yetirmişəm. İndi də o vərdişlərim qalıb. Məsələn, su ilə yemək yemirəm, çünki bədənə ziyandır. Bundan başqa səhərlər müntəzəm olaraq məşqlər edirəm. Bildiyiniz kimi, idmançılar səhər məşqdən sonra günortalar mütləq yatmalıdır. İndi də günorta bir saat da olsa gərək yatım. Bu rejim məndə yenə də qalıb.

- Geyimlərinizdə daha çox nəyə üstünlük verirsiniz?

- Hər zaman rahatlığa önəm verirəm. İdman geyimləri də rahat olduğuna görə onları çox sevirəm. Hərdən az qalıram tədbirlərə də idman geyimində gedim. Əgər icazə versəydilər, elə orada bu formada gedərdim (gülür). Kolleksiyamda brend geyimləri daha çox üstünlük təşkil edir, bunun da başlıca səbəbi onların həm təmiz materialdan olması, həm də rahatlığıdır. Brend olmasa belə, əgər hər hansı bir geyim rahatdırsa, onu mütləq alıram.