"Koronavirusun patogenliyinin zəifləməsi gözlənilən haldır" - Pulmonoloq


"Koronavirusun patogenliyinin zəifləməsi gözlənilən haldır".

Bu sözləri "Şərq"ə açıqlamasında həkim-pulmonoloq Ramin Nəriman deyib. Həkimin sözlərinə görə, Cənubi Koreyada, İndoneziyada aparılan tədqiqatlarda məlum olub ki, koronavirus mutasiyaya uğradıqca yoluxuculuq qabiliyyəti artır, amma aqressivliyi, patogenliyi, xəstəlik törətmə qabiliyyəti nisbətən zəifləyir:

"Mutasiyaya uğradıqca mikroorqanizmlərin, virusların, mikrobların xüsusiyyətləri dəyişir. Eyni zamanda onların patogenliyi arta və ya azala bilər. Ona görə də vaxt keçdikcə bütün digər viruslar kimi koronavirusun da patogenliyinin zəifləməsi gözlənilir. Xəstəliyin müalicəsi zamanı istifadə olunan dərmanların təsirindən də virusun patogenliyi zəifləyir".

Virusların canlı orqanizmdən kənarda həyat fəaliyyətini saxlaya bilmədiyini və qısa müddətdə tələf olduğunu vurğulayan həkim Ramin Nəriman əlavə edib ki, virus düşdüyü canlı orqanizmi əgər məhv edirsə, sonda özünün də məhvinə səbəb olur:

"Filogenez, yəni təkamül baxımından virus canlı orqanizmi öldürməyə çalışmır. Sadəcə, öz həyat fəaliyyətini davam etdirmək istəyir. Bu baxımdan da təbii ki, düşdüyü canlı orqanizmə zərər yetirirsə, öldürürsə, gələcəkdə elə forma əldə etməyə çalışır ki, düşdüyü canlı orqanizmi öldürməsin. Öz həyatını davam etdirə bilsin. Bu baxımdan virusun patogenliyinin zəifləməsi əksər hallarda labüd bir haldır".