“İnsan üçün fiziki həyatdan daha qiymətli gözünün nurudur”

Paşa Qəlbinur: “Yüz ildən artıqdır ki, bizim şəcərəmizdə göz həkimləri olub”

“İnsana göz nurunu qaytaran oftomoloqun sevincini həyatda heç bir hisslə müqayisə etmək olmaz”

"Dünyada elə qabaqcıl və inkişaf etmiş ölkələr var ki, bu ölkələrdə görmə qabliyyətini itirmiş insanların sayı daha böyükdür. Bu fakt özü-özlüyündə izah tələb edir"


Azərbaycanda son zamanlar görmə qabiliyyətinin zəifləməsi əvvəlki illərə baxanda 3 dəfə artıb. Bu faktor yüz minlərlə insanın sağlamlığına zərər vurduğu üçün media da həmişə mövzuya həssas yanaşıb. Problemlə bağlı Azərbaycan səhiyyəsinin görkəmli nümayəndəsi, ATU-nun oftolmologiya kafedrasının müdiri, Amerika Oftolmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının fəxri doktoru Paşa Qəlbinurla söhbətləşdik.

- Paşa müəllim, insan üçün göz nuru ən böyük nemətdir. Siz də insanların bu böyük nemətdən məhrum olmaması üçün ən şərəfli, həm də çətin peşələrdən birini seçmisiniz. Niyə son vaxtlar insanların çoxu gözlərindən şikayət edirlər?

- Əvvəla deyim ki, həqiqətən insan üçün göz nuru həyatda ən böyük nemətdir. Uzun əsrlər boyu şahlar, xaqanlar ən böyük düşmənlərini öldürməyib, onları kor edib göz nurundan məhrum ediblər. Nə qədər amansız görünsə də həmin hərəkətin məntiqi ondadır ki, insan üçün fiziki həyatdan daha qiymətli gözünün nurudur. Biz oftolmoloqlar həyatda göz nurundan məhrum olmuş insanların görmə qabliyyətlərini bərpa etmək üçün çox böyük çətinliklərlə üzləşirik. Çünki tibdə göz cərrahiyəsi böyük diqqət və əmək tələb edən sahədir. Və bu şərəfli yolda qarşımıza çıxan maneələri dəf etmək üçün elmimizdən və həkimlik sənətimizdən bacarıqla istifadə edirik. Mənim ailəmdə və sülaləmdə bir çox bacarıqlı göz həkimləri olub. Yüz ildən artıqdır ki, bizim şəcərəmizdə göz həkimi olub və indi də var. Məni bu sahəyə cəlb edən 50 ildən artıq göz həkimi işləyən dayım olub. Göz nurunu itirmiş insanları müalicə edib, onları yenidən həyata qaytararkən dayımın keçirdiyi sevinc və xoşbəxtlik hisslərini görüb mən də bu peşəni seçmişəm.

- Statistikaya görə göz xəstələrinin sayı respublikada 3 dəfəyə qədər artıb. Bu xoşagəlməz fakt haqqında nə deyə bilərsiniz?

- Dünyada elə qabaqcıl və inkişaf etmiş ölkələr var ki, bu ölkələrdə görmə qabliyyətini itirmiş insanların sayı daha böyükdür. Bu fakt özü-özlüyündə izah tələb edir. İzahı da budur ki, həyat dəyişir, insanların yer kürəsində sayı artır. Bununla bərabər elm və texnika da inkişaf edir. Və bu inkişaf ətraf mühitdəki ekoloji tarazlığı pozur. Qidalar keyfiyyətini itirir. Geni dəyişilmiş meyvə, tərəvəz, ət, balıq və toyuq məhsulları çoxalır. Otmosfer kirlənir, dünyada su ehtiyatı azalır. Bunların hamısı insanın səhhətinə və bədənin tacı olan gözə mənfi təsir göstərir.

- Yəqin başqa faktorlar da olmamış deyil?

- İnsanın görmə qabiliyyətinin zəifləməsində bu sadaladığım faktorlardan başqa genetik faktorların da çox böyük rolu var.
Ata və ananın, yəni hər ikisinin nəslində göz xəstəlikləri varsa, həmin ailənin övladının başqalarına nisbətən ciddi göz xəstəliyi ilə doğulmaq şansı dəfələrlə artıqdır.

- Dediniz ki, göz bədənin tacıdır. Ənənəvi olsa da bir sual vermək istəyirəm.
Oftolmoloq cərrah kimi hər dəfə çətin göz əməliyyatından çıxdıqda və bir insanın göz nurunu bərpa edib onu yenidən həyata qaytardıqda hansı hissləri keçirdirsiniz?

- Bu zaman keçirdiyim hisslər çox nadir duyğulardandır, onu sözlə ifadə etmək çox çətindir. Sevinc hissi çox şaxəli və çalarlı olur. İnsan həyatda azdan çoxa qədər müxtəlif uğurlarına sevinir. Lakin bir insana göz nurunu qaytaran oftolmoloqun sevincini həyatda heç bir hisslə müqayisə etmək olmaz.

- Azərbaycan oftolmologiyasında göz zəifliyini aradan qaldırmaq üçün hansı tədqiqatlar aparılır və nailiyyətlər əldə edilir?

- Görmə zəifliyini aradan qaldırmaq üçün illər ərzində yəni təbabət elminin tarixi qədər bir zaman kəsiyində böyük tədqiqatlar aparılıb. Bu da çox sevindirici bir haldır ki, çox böyük olmasa da oftolmoloq alimlərimiz dünya ölkələri arasında bu elm sahəsində öz imzasını atıb. Bəli, Azərbaycan oftolmoloq alimləri elmdə etdikləri kəşfləri və böyük elmi naliyyətləri ilə dünya oftolmologiya elmində özlərinə layiq bir yer tutur. Bu nailiyyətlər haqda sizə bir-iki söz demək istəyirəm. Dünyada indi hamının anladığı COVİD-19 virusunun törətdiyi çətin sağalan xəstəlik kimi başqa virusların da törətdikləri ağır xəstəliklər var ki, bunlarla mübarizəyə dünya tibb elmi ayağa qalxıb. Bu virus xəstəlikləri orqanizmdə başqa əzalara təsir etdikləri kimi gözə qarşı da amansız olur. Bu anlamda belə göz xəstəliklərinin müalicəsində Azərbaycan oftolmologiyasının bütün dünyada sayılıb seçilən bir dərman var. Bu, "oktipol" adlanan göz damlasıdır. Bu dərman əksər göz xəstəliklərinin müalicəsində çox təsirlidir. COVİD-19 virusu orqanizmə ağız, burun və gözün selikli qışası vasitəsilə daxil olub, ağır xəstəlik törədir. Bu göz dərmanı  virusun göz vasitəsilə orqanizə daxil olmasının qarşısını alır. 
Və çox sevindirici haldır ki, COVİD-19  pandemiyasına qarşı  dünya alimləri müalicə zamanı "oktipol" göz damcısını tətbiq edirlər. Bu dərmanın müəllifi mən, bacım, tibb elmləri doktoru Sevinc Əkbərova və professor Olqa Stroyevadır. Bundan başqa vaxtı ilə müalicəsi olmayan ən qorxunc göz xəstəliklərindən biri olan "qlakoma - qara su" adlanan göz xəstəliyinin müalicəsində bizim təklif etdiyimiz cərrahi üsul tətbiq olunur. Və bu üsul indiyə qədər tətbiq olunan cərrahi üsullardan daha fərqli və böyük effektlidir. Bu mövzuda çox danışmaq olar. Azərbaycan oftolmologiya elminin bir çox görkəmli nümayəndələrinin böyük elmi nailiyyətləri çoxdur. Mənim müəllimlərim olmuş Zərifə xanım Əliyeva, Nisə xanım Musabəyli və s. başqaları Azərbaycan oftolmologia elmi üçün bütöv bir nəsil həkim alimlər yetişdirib. Həmin alimlər nəsli bu gün Azərbaycan oftolmologiya elmini yüksək şəkildə inkişaf etdirirlər.

- Paşa müəllim, qayıdaq əvvəlki söhbətimizin davamına... Cavanlarda və yeniyetmələrdə bu qədər görmə qabiliyyətinin zəifləməsi nə ilə bağlıdır?

- Bəli, siz düz buyurursunuz ki, cavanlarda və yeniyetmələrdə bu gün görmə qabiliyyətinin zəifləməsinə çox təsadüf olunur. Bunun səbəbi bayaq dediyim kimi elm və texnikanın inkişafı, xüsusən də gənc nəslin monitorlardan, telefonlardan, kompüterlərdən çox istifadə etməsidir. Hərçənd, onlarda elə filtirlər var ki, zərərli şüaların qarşısını almaq məqsədilə istifadə olunur. Bir mütəxəssis kimi qeyd etməliyəm ki, bu filtirlər heç də, həmişə zərərli şüaların qarşısını almır. İnsanlar gözlərini günəş şüalarından da qorumalıdır. Xüsusən də ziyanlı sahələrdə çalışan qaynaq işçiləri qoruyucu eynəkdən istifadə etməlidirlər və hamı ən azından ildə bir dəfə həkim müayinəsindən keçməlidir.

- Bəs tələbələriniz və davamçılarınız haqda nə deyə bilərsiniz?

- Mən Azərbaycan oftolmologiyasının bir nümayəndəsi kimi öz tələbələrimdən və ardıcıllarımdan çox razıyam və onlarla qürur duyuram. Əminəm ki, öz müəllimlərimdən aldığım və bacardığım qədər yüksəkdə saxladığım estafeti tələbələrim, ardıcıllarım bundan sonra daha ucalara qadıracaqlar və bu şərəfli yolçuluğu davam edəcəklər. Buna mənim zərrə qədər də şübhəm yoxdur.

- Öz sənətini kamil bilən bir həkim kimi bizim oxuculara görmə qabiliyyətini qorumaq üçün nə kimi tövsiyələr verə bilərsiniz?

- Öz nəslində irsən müxtəlif göz xəstəliyi olanlar - qlakoma, şəkər xəstəliyi və s. başqa xəstəlikləri olan insanlar yuxarıda sadaladığım qorunma vasitələrindən başqa hər il həkim müayinəsindən keçməlidirlər. Çünki hər bir xəstəliyin müalicəsi kimi göz xəstəliyinin də profilaktikası müalicəsindən daha asandır. Ən qiymətli sayılan və dünya ilə aramızda əlaqə yaradan - gözümüzü el arasında deyildiyi kimi göz bəbəyi kimi qorumalıyıq. Mən kitablarımı insanlara xatirə kimi təqdim edəndə ilk səhifəsində yazıram: "Sizə bir dünya işıq arzusu ilə". Bugünkü müsahibəmi də bu sözlərlə bitirirəm. Bütün oxucularımıza bir dünya işıq arzu edirəm.

Banuçişək Hüseynli