Deputatların yoluxma riski çox azdır

Ona görə parlamentdə rahat oturub büdcəni müzakirə edə bilərlər

Parlamentin dünənki plenar iclasında deputatlar çıxışların reqlamentinin 5 dəqiqə olmasını təklif ediblər. Parlamentin sədri Sahibə Qafarova isə təklifi qəbul etməyib. Sədr bildirib ki, iclasda olan deputatların hamısı koronavirus testindən keçib. Burada yoluxan deputat yoxdur: “Kim karantinə, koronavirusa görə narahatdırsa, bunu nəzərə alsın. Reqlament 10 dəqiqə olacaq. Bu, sıradan iclas deyil”. 

Xatırladaq ki, Milli Məclisin dünənki iclasında 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi aparılıb. 

Siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət “Şərq”ə deyib ki, əgər deputatlar hansısa məsələ ilə bağlı Milli Məclisin binasına toplaşırsa, iclaslarda iştirak edirlərsə, müzakirələrin 5, yaxud 10 dəqiqə olması əhəmiyyət kəsb etmir. Ekspertin sözlərinə görə, parlamentin iclaslarının məhdudlaşdırılması əsasən koronavirus pandemiyasına, xəstələnmə ehtimalına görədir:

“Nəzərə alaq ki, Milli Məclisdə iclasların keçirildiyi zallar təcrid olunmuş məkandır. Ora kənardan heç kim girib-çıxmır. Deməli, deputatların iclas zalında bir neçə dəqiqə artıq oturması təhlükə yaratmır. Həm də bildiyimə görə, parlament üzvləri və Aparatın bütün əməkdaşları davamlı olaraq testdən keçirlər. Yoluxma riskləri çox azdır. O baxımdan düşünürəm ki, parlamentarilər kifayət qədər vaxt sərf edib büdcəni müzakirə edə bilərlər”.