"Yağışdan çıxıb, yağmura düşürük": Quş qripi də “qapımızı döyə bilər" – Nə etməli? 

“Koronavirusla bağlı həyata keçirilən tədbirlər digər virus və infeksiyaların da qarşısını almağa yardım edir”

 “Quş qripi isə koronavirusdan fərqli olaraq, heyvandan insana keçən biləcək xəstəlikdir”

“Bu baxımdan  məhdudlaşdırıcı tədbirlər, xəstəlik ehtimalı olan məhsulların idxalına qadağa qoyulması məntiqə uyğundur”


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq ölkə ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müvafiq tədbirlər həyata keçirir.

Agentlikdən verilən məlumata görə Hindistan Respublikasının Maxaraştra (Maharashtra) və Qücərat (Gujarat), Uelsin Anqlesey (Anglesey) və Almaniya Federativ Respublikasının Bavariya (Bavaria) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatına istinadən yayılan açıqlamada "yüksək patogen" quş qripi xəstəliyinin 35 ölkədə müəyyən edildiyi deyilir. Bununla əlaqədar olaraq Azərbaycana həmin inzibati ərazilərdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq edilib.

Nəzərə almalıyıq ki, ölkədə koronavirus pandemiyası hələ bitməyib. “Yağışdan çıxıb, yağmura düşməmək üçün” atılan addım quş qripi xəstəliyinin qarşısını ala biləcəkmi?



“Sherg.az”ın sualını cavablandıran həkim və siyasətçi Həsrət Rüstəmov  bildirib ki, həm koronavirusa, həm də quş qripinə qarşı zəruri tədbirlərin görülməsi düzgündür:

“Koronavirusla bağlı həyata keçirilən tədbirlər digər virus və infeksiyaların da qarşısını almağa yardım edir. Əsasən maskadan istifadə etmək və sosial məsafəni qorumaq infeksiyasiyanın yayılmaması üçün vahid mexanizmdir. Quş qripi isə koronavirusdan fərqli olaraq, heyvandan insana keçən biləcək xəstəlikdir.  Bu baxımdan  məhdudlaşdırıcı tədbirlər, xəstəlik ehtimalı olan məhsulların idxalına qadağa qoyulması məntiqə uyğundur.
 Nə Azərbaycanda, nə də yaxın ölkələrdə bu günə qədər quş qripindən kütləvi yoluxma halı müşahidə edilib.  Bir neçə il əvvəl olsa da, say etibarilə böyük hadisəyə çevrilə bilmədi. İnsanları təşvişə salmağın, həyəcanverici təbliğat qurmağın əleyhinəyəm”.