Metsamor AES bağlansın: “Region üçün təhlükə mənbəyidir”

“Ermənistanın addımları beynəlxalq təşkilatların da mövqeyinə ziddir”

"Ermənistan həmin stansiyanı nə qədər tez bağlasa, regionda təhlükəli durumun mövcudluğuna son qoyular”

Avropa Komissiyası işçi qrupunun 2020-ci ildə Ermənistanla tərəfdaşlıq sazişinin həyata keçirilməsinə dair hesabatında bəzi məqamlar yer alıb. Hesabatda qeyd olunub ki, Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyasının müasir təhlükəsizlik tələblərinə uyğun olaraq təkmilləşdirməsi mümkün deyil. Buna görə də ən qısa müddətdə bağlanmalıdır:


“Metsamorda yerləşən nüvə elektrik stansiyası beynəlxalq səviyyədə tanınmış atom təhlükəsizliyi standartlarının tələb etdiyi səviyyəyə qaldırıla bilməz və bu səbəbdən mümkün qədər tez bağlanmalı və təhlükəsiz şəkildə istifadədən çıxarılmalıdır”.



Məlum hesabata dair fikirlərini “Sherg.az”la bölüşən Qərbi Kaspi Universitetinin professoru, politoloq  Fikrət Sadıqov söyləyib ki, Metsamor atom elektrik stansiyasının bağlanmasında Azərbaycanın da rolu yüksəkdir:

“Çünki dəfərlərlə deyirdik, məsələni beynəlxalq müstəviyə qaldırırdıq. Bütün beynəlxalq sturukturlarda Metsamor atom elektrik stansiyası ilə bağlı kifayət qədər ciddi mövqe tuturduq.

Həqiqətən də bu elektrik stansiya region üçün təhlükə mənbəyidir. Köhnəlmiş bir stansiyanın istifadə olunması əslində Ermənistan hakimiyyətinin özbaşınalığıdır.

Onlar bütün resurslardan məhrum olan bir ölkədir. Cənubi Qafqazda nə təbii, nə də iri miqyaslı layihələri həyata keçirirlər. Hesab edirlər ki, nə vaxtsa Metsamor atom elektrik stansiyasını işlədə bilərlər.

Amma yanıldılar, bu, cəfəng bir mövqedir. Sonuncu hesabat da göstərir ki, onların mövqeyi nəinki Azərbaycanın, hətta beynəlxalq təşkilatların mövqeyinə ziddir.

Ermənistan həmin stansiyanı nə qədər tez bağlasa, regionda təhlükəli durumun mövcudluğuna son qoyular”.