60 yaşdan yuxarı şəxslərə vurulmalıdır  

“Astra-Zeneca” vaksini ətrafında yeni ajiotaj yaranıb

Azərbaycanda da istifadəsi planlaşdırılan “Astra-Zeneca” vaksini ilə bağlı növbəti dəfə şübhəli məsələlər ortaya çıxıb. Almaniya Səhiyyə naziri Yens Şpan vaksin ətrafında gedən söz-söhbəti “növbəti zərbə” adlandırıb. "RİA Novosti"nin xəbərinə görə, alman nazir qeyd edib ki, ölkəsində hazırda mövcud olan peyvənd preparatlarından biri  müəyyən yaş təbəqəsindəki insanlar üçün təhlükə daşıya bilər. Bu isə sözsüz ki, vaksinasiya üçün zərbədir.

Qeyd edilir ki, Robert Kox adına İnstitutda fəaliyyət göstərən Peyvəndləmə üzrə Komissya “Astra-Zeneca” peyvəndinin istifadəsinə dair rəyinə dəyişiklik edib. Komissiyanın rəyinə əsasən, “Astra-Zeneca” preparatı yalnız 60 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub.

Nadir hallar olsa da, 60 yaşdan aşağı şəxslərdə preparatın tətbiqindən 4-16 gün müddətində tromboz müşahidə edilib. Ona görə də qərara alınıb ki, “Astra-Zeneca” peyvəndi yalnız yaşı 60-dan yuxarı olanlara vurulsun. 

60 yaşdan aşağı şəxslər isə fərdi qaydada analiz verdikdən və mümkün risklər müəyyənləşdikdən sonra bu vaksindən istifadə etsinlər.