“Niyə rus general Qarabağda hərbi obyektin açılışını edir?!” – Hesab sorulacaq ! 

“... və yanında Azərbaycan Müdafiə Nazirliyinin hansısa rəsmisi olmur?!”

“Bu məsələlərlə yanaşı, Şuşa ilə bağlı nəqliyyat infrastrukturu və  Zəngəzur dəhlizi də gündəmə gətiriləcək”

Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutacaq. Qarabağ problemini həll etdiyimizi düşünərkən yeni problemlərin meydana çıxdığı bir vaxtda belə görüşün keçirilməsi, bəlkə, o qədər də təəccüblü deyil. Amma məsələ ondan ibarətdir ki, qarşımızdakı iki yüz ildir “caynaqlarını” Cənubi Qafqazdan qoparmayan Rusiyadır. Üstəgəl, diplomatiyada baş ağartmış Lavrovun kimliyi, mövqeyi də kimsəyə sirr deyil. Deməli, görüşün gərgin keçəcəyinə şübhə yoxdur.

Qeyd edək ki, Bu gün C.Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.



 Siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasında müzakirə mövzularını açıqladı: 

“Masaya çıxarılacaq bir çox məqam var. Bunlardan ən başlıcası minalanmış ərazilərdir. Hətta ərazidə bizə qarşı atəş açılması nəticəsində itkilər verməyimiz barədə xəbərlər də var. Əlbəttə, belə hal bizim üçün heç də xoşagələn deyil. İkinci bir tərəfdən Rusiya Müdafiə Nazirliyinin rəsmilərinin Qarabağa səfəri rəsmi Bakıda haqlı olaraq narazılıq yaradır. Çünki səfər öncəsi bizə nəsə deyilmir, icazə alınmır. Bu azmış kimi ərazidə yaxın gələcəkdə neçə şəhərcik salınacağı barədə açıqlamalar verirlər. Əgər sülhməramlıların sayının 1960 olduğu əvvəlcədən məlumdursa, əlavə şəhərciyə nə ehtiyac var?! Həmçinin tikilən modul tipli xəstəxanalar kim üçündür?! Niyə rus generalı Qarabağda hərbi obyektin açılışını edir və yanında Azərbaycan Müdafiə Nazirliyinin hansısa rəsmisi olmur?! Bu məsələlərlə yanaşı, Şuşa ilə bağlı nəqliyyat infrastrukturunun, Zəngəzur dəhlizinin də gündəmə gətiriləcəyini düşünürəm. İkinci bir tərəfdən isə xarici siyasət haqqında fikir mübadiləsi aparıla bilər. Belə ki, ABŞ-ın Rusiyaya qarşı kəskin mövqeyi bu və ya digər formada Azərbaycana da təsir göstərəcək”.