İsrail- Fələstin müharibəsi region üçün təhlükəlidir: “Tel-Əviv  Tehranı günahkar bilib..."

“Hələki cavablandıra bilmədiyim sual: hazırda İsrail-Fələstin arasında baş verənlər bir müddət sonra İsrail-İran və ABŞ-İran münasibətlərində gərginlik yaradacaqmı?”

Bu sözləri politoloq Əhməd Əlili deyib. O, “Sherg.az”a açıqlamasında tərəflər arasındakı müharibənin regionumuza da təsirsiz ötüşməyəcəyini istisna etmədiyini bildirdi:

“Son iki gündə İsrail səmasında vurulan raketlərin sayını nəzərə alsaq, biz görərik HƏMAS çoxsaylı “əldəqayırma” raket anbarına sahib imiş. Kənar dövlətlərin iştirakı və resursu olmadan, İsrailin nəzarəti altındakı ərazilərdə belə bir hərbi anbar toplamaq mümkünsüz olardı.

Hərbi ekspertlər düşünürlər ki, ucuz və “əldəqayırma” raketlərin sayı hesabına Fələstin İsrailin "Dəmir günəbəz" HHM sistemini sıradan çıxarmaq istəyir.

Bir müddət sonra Tel-Əviv baş verən hadisələrdə Tehranı günahkar bilib konkret hərəkətə keçə bilər. ABŞ-ın məsələyə dəstəyi olarsa, Mərkəzi Asiyada, Əfqanıstanda meydana çıxmış "sərbəst qüvvələr"dən yararlana bilər. Bu ssenari isə bizim region üçün bir sıra təhlükələr mənbəyi ola bilər".