Koronavirus ömürü həqiqətən qısaldır

Xüsusi ilə gənclər bu bəlanın qurbanlarıdır


Corc Mason Universitetinin professoru Ança Baranova müsahibəsində bildirib ki, inkişaf etmiş ölkələrdə orta ömür uzunluğu koronavirus pandemiyası səbəbiylə bir yarım və iki ilə qədər azalıb.

Bioloq vurğulayıb ki, koronavirus xəstəliyinin hər epizodu az da olsa, həyatımızı qısaldır. Bəzi hallarda isə əhəmiyyətli dərəcədə azaldır. Baranova bu qənaətləri ABŞ statistikasına əsaslanaraq verib. Mütəxəssis yekunda COVİD-19-un birdən çox dəfə yoluxa bilən sistemik bir xəstəlik olduğunu xatırladıb.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, "COVİD-19" orta ömür göstəricisinə ciddi təsir göstərib. Professor qeyd edib ki, xüsusilə koronavirus səbəbindən gənc yaşda insanların həyatını itirməsi bütün ölkələrdə ölüm yaşına təsir edib:

"Bütün dünya üzrə "COVİD-19" infeksiyasının insan orqanizminə təsirinin nəticələri, post korona sindromu və onun sonrakı nəticələri ilə bağlı araşdırmalar davam edir. Bununla bağlı birmənalı bir şey demək çətindir. Amma təbii ki, koronadan ölənlər və xüsusilə, burada gənc yaşda adamların da olması bütün ölkələrdə ölüm yaşına və sayına təsir edib. Ona görə də ölkələr üzrə bu xəstəliyə görə ümumi ölüm yaşı və ölüm faizi üzrə göstəricilər dəyişir. Amma "COVİD-19" keçirmiş və post COVİD sindromu olan xəstələrin sonrakı dövrlərdə hansı fəsadlarla, hansı xəstəliklərlə üz-üzə gəlməsi və bundan baş verən ölüm halları artıq sonrakı araşdırmalardır. Hesab edirəm ki, həqiqətən də koronavirus pandemiyası orta ömür göstəricilərinə ciddi təsir edib".