"Kəndimizdə mənasız, maraqsız bir ömür yaşayırlar" - SÖHBƏT

Şahbaz Xuduoğlunun təndir əhvalatı ucqar bir kəndə yeni nəfəs verdi

Məqsədimiz kənddə qadınlar üçün iş yerləri və sosiallaşma məkanı yaratmaqdır

"Necə olur, Quba, Xaçmaz camaatı evlərini turistlərə kirayə verməklə dolanır, bizim camaat bunu bacarmır?! Qoy bizimkilər də marketinq işini – bazarlamanı öyrənsinlər"


“Bir neçə həftə öncə qardaşlarımla kəndimizdə təndir inşa etdik. Kəndlər boşaldıqca, təndirlər də sönür. Qalan camaat da çörəyini hətta Yardımlıdan deyil, 55 km uzaq Masallıdan alır. 
Çoxuşaqlı ailələrin öz təndiri var, amma kəndi tərk edən gənc ailələr əsas səbəblərdən biri  kimi məhz çörək bişirmənin dözülməz dərəcədə ağır olmasını deyirlər. 
Digər məqsəd - kənddə qadınlar üçün iş yerləri və sosiallaşma məkanı yaratmaqdır.
Biz çox yaxşı başa düşürük ki, uzaq dağ kəndində bu iş gəlir gətirməyəcək. Amma bunun  mənəvi qazancı var - bir neçə qadın sabit əmək haqqı alacaq, kənddə yaşayan insanların yükü qismən azalacaq. Kəndlərimiz üçün faydalı iş olmasına zərrə qədər də şübhəmiz yoxdur. 
Hamarkənd təndirinə xoş gəldiniz!”
Bu, “Qanun” Nəşrlər Evinin direktoru, naşir və tərcüməçi Şahbaz Xuduoğlunun feysbuk hesabında paylaşdığı statusdur. Fotolar da yerləşdirib, Şahbaz bəy. Bir fotoda əlində iri və hətta şəkli də çox dadlı olduğundan xəbər verən təndir çörəyi tutub. Həm də üzündə təbəssüm. 
Məqsəd bəllidir. Amma hardan, necə doğub bu ideya? Şahbaz Xuduoğludan təndir əhvalatı ilə bağlı ayaqüstü söhbətləşdik. 

- Şahbaz bəy, öncə bunu dəqiqləşdirim ki, haqqında yazdığınız təndirin sənədi-sübutu varmı? 

- Orda belə məsələlər başqa sistemlə tənzimlənir. Sənədləşmə işi ilə yerli camaat məşğuldu... 

- Bəz bu ideya necə doğdu?  

- Ümumiyyətlə, bizim tərəflərdə hər kəsin evi qonağın üzünə açıq olub həmişə. Kəndə gələn qonaq çörək sıxıntısı yaşamayıb. Təndiri ona görə inşa etdik ki, indi gələnlər də çörək sıxıntısı çəkməsin. Çörək üçün gedə biləcəkləri yer olsun. Bilirsiz, son illərdə kənd camaatı kəndi tərk etməyə başladı. Üz tutdular şəhərə, tikintilərdə işləməyə...  

- Gedənlər çoxdur? 

- Çoxdu. Ailələrin çox üzvləri çıxıb gediblər. Bizim kəndlər həm də plansızdı. Məsələn, İvanovka kəndinə gedirsən, yollar salınıb, hər yer səliqəli, təsərrüfatlar yerli-yerində, 200 il əvvəl ora köçən malakanlar elə şərait yaradıblar ki, heyran qalırsan. Çalışırlar, öz təsərrüfatlarından gəlir əldə edirlər. Amma bizim kənddə belə deyil. Bizimkilər, qoy elə qeybət eləsinlər... Bizim insanımız ayağının altındakı torpağın dəyərini bilmir. Torpaqdan səmərəli istifadə etməyi bacarmır. İnsan torpağın qədrini bilməlidir. Bu torpaqda yaşayırsansa, onun qədrini bil. Bu qədirbilmək çəpər üstə dalaşmaq deyil e, torpağa həqiqi dəyərini verməkdir. Gözəl yaylaqlarımız, meşələrimiz var. Amma insanlar bunlardan faydalana bilmir. Mənasız, maraqsız bir ömür yaşayırlar. Ölüvay, ruhsuz yaşamaq öldürür adamları. Halbuki, düzgün marketinq işiylə məşğul olsalar, heydandarlığı, əkinçiliyi inkişaf etdirsələr, başqa kəndlər kimi onlar da gəlir əldə edər, təminatlı həyat sürərlər. Lap şəhərdə yaşasın, amma kənddə təsərrüfatı işlək olsun. Gəlir gətirsin. Kənddə planlı işlər aparılmalıdır. Bələdiyyələr də etməlidir bu işi. Vaxt vardı, kəndimizdə klub, kitabxana, stadion olub... 

- Mədəni təsisatların heç biri qalmayıb indi? 

- Yox. Mən dostlara yazdım, musiqi alətləri topladıq, onları kənd məktəbinin bir otağına yığmışıq, uşaqlar, kim istəsə, gəlsin, məşğul olsun deyə. Gələcəkdə yəqin ki, xüsusi musiqi otağı olar, bəlkə musiqi məktəbi də tikilər... Təki kənd camaatının üzü gülsün. 

- Siz təndir barədə statusunuzda “qardaşlarla təndir inşa etdik” yazmısınız. Öz qardaşlarınızı nəzərdə tutursunuz, yoxsa qardaş bildiyiniz dostlarınızı? 

- Yox, öz qardaşlarımdı. 

- Yəni birbaşa mənada, qardaşlarınız... 

- Bəli. 

- Nə qədər xərciniz çıxıb? Neçəyə başa gəldi sizə təndir inşa etmək? 

- ... Yekun hesabat yoxdu hələ. İşlər davam edir. İstəyirik, təndirdən əlavə gələnlərə çay, qəhvə də təklif edilsin. Rəmzi olaraq “Təndir” adlandırmışıq. İstəyirik, başqa xidmətlər də olsun. 

- Əsas xərci çəkən kimdir aranızda? 

- (Gülür) Yəqin pulu çox olan çəkər də. Amma adətən pulu çox olan xəsislik edir... 

- Siz deyilsiniz, amma? 

- (Yenə güldü) Yox, mən deyiləm... 

- İşçiləriniz var artıq? 

- 2 ailə işləyir. 3-4 nəfər. Bir nəfər odun işinə baxır. Odunun alınması, gətirilməsi... Təndirə çörək yapmaq əziyyətli bir işdir. Məsələn, görürsən, təzə gəlindi, gəlin gəldiyi günün səhəri təndirə çörək yapır. Bu, ağır, uzun bir prosesdi. Amma kəndin təndirxanasının olması insanları bu əziyyətdən xilas edir. Bir var, düşünəsən ki, səhər tezdən durub təndirə çörək yapmalıyam, bir də var, arxayınsan ki, yaxınlıqda çörək var, gedib alacam. Təndirə sərf etdiyi zamanı da qoy başqa işlərə sərf etsinlər. Bilirsiz, mən 5 il, üst-üstə kəndə getmədim... Sonra nəhayət gedəndə, bu ideya yarandı ki, kəndı sosiallaşdırmaq lazımdı. Məsələn, biz qardaşlar 3000 ağac əkmişik kəndimizdə, yol kənarlarında. Çalışacağıq bundan sonra meyvə ağacları çox olsun. Tut ağacı, ceviz ağacı. Tut ağacları ilə baramaçılığı inkişaf etdirmək olar. Ağac əkmək həm də yaşıllıqdır, təbiətə töhfə verməkdir. 

- Başqa hansı planlarınız var? 

- Bizim çox yaxşı aksiyalarımız olur. Ötən dəfə kənddə olanda, evdən çıxdım, əlimə də bir selofan paket aldım, kəndin içi ilə gedə-gedə zibilləri paketə yığmağa başladım. Kimi gördümsə, səslədim, onlar da mənə qoşuldular. Birinin lapeti vardı, gəldi saxladı, qonşulara dedi ki, bax, nə zibiliniz olsa, yükləyin lapetə, aparıb atacam zibilləri. Yerə atmayın, yol kənarına atmayın. Məni sevindirən odur ki, belə təşəbbüslərimiz kənd camaatı tərəfindən dəstəklənir. Qısası, sosial aktivlik göstərməyimdə məqsəd, turistləri ora aparıb çıxarmaqdı. Necə olur, Quba, Xaçmaz camaatı evlərini turistlərə kirayə verməklə dolanır, bizim camaat bunu bacarmır?! Qoy bizimkilər də marketinq işini – bazarlamanı öyrənsinlər. 

- Şahbaz bəy, şəkildə əlinizdə tutduğunuz ö çörək neçəyədi? 

- 50 qəpik. 

- Belə getsə, deyəsən, çörək bişirməyə də başlayacaqsız.. 

- Hə, deyəsən... Siz də qonaq gəlin. Həmid bəylə İlhamiyyə xanım (Həmid Hersçi ilə İlhamiyyə Rzayevanı nəzərdə tutur red.) gəlmişdilər. Çox bəyəndilər...