İqtisadiyyatın yeni dirçəliş dövrü başlayır

"Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək"

Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Türkiyə lideri Belçika səfərindən sonra iyunun 15-16-da Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Türkiyə prezidenti səfərlə əlaqədar Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Xatırladaq ki, Ərdoğanın sonuncu dəfə Azərbaycana 2020-ci ilin dekabrında səfər edib və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsindən sonra keçirilən Zəfər paradında iştirak edib. Ekspertlərin fikrincə, olduqca strateji əhəmiyyət daşıyan bu səfər eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin də dərinləşməsinə gətirib çıxaracaq. Strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyluşlarının da artmasına imkan yaradacaq.

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov vurğulayıb ki, son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Deputatın sözlərinə görə, Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb:

“İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Bu il martın 1-dən Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minıb. Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə rəğmən, ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz 2017-ci illə müqayisədə isə 73 faiz artıb. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb”.

İqtisadçı deputat qeyd edib ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır:

“Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Eyni zamanda, Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edirlər. Türkiyə prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”.