Yazıçı ilə kulturoloq ÇƏKİŞİR: “Aydında fikir var ki, ziddiyyət də yaratsın?!” - Üz-üzə...

Tural Cəfərov:“Açıq deyirəm, Aydınxanın konkret bir fikri yoxdur. Bu gün efirdə mühafizəkar mövqe sərgiləyib, sabah tamamilə liberal ola bilər”
 
Aydınxan Əbilov: “Feminizm seksual azadlıq demək deyil. Nədənsə, xüsusilə bəzi gənclər bu cərəyanın mahiyyətini yanlış başa düşürlər



Space TV-də yayınlanan “Gərgin saat” verilişində qaynar müzakirələr aparılıb. Proqramın feminizm mövzusuna həsr olunan növbəti buraxılışında yazıçı Tural Cəfərovla (Qan Turalı) kultroloq Aydınxan Əbilovun fikirləri toqquşub. Kultoroloq konservativ, yazıçı isə müasir, kosmopolit düşüncədən çıxış etdiyi üçün fikirlər haçalanıb. Yazıçı respublikada tanınmış kultroluqu “savadsız” adlandırıb, onu ədəbiyyat oxumamaqda ittiham edib. Hətta bəzi məqamlarda kulturoloqun fikirlərini gülüşlə qarşılayıb. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan Aydınxan Əbilov bildirib ki, onlar dostdurlar:

“Qan Turalı istedadlı və sevilən yazıçıdır. Biz dostuq. Efirdə belə hallar yaşana, qeyri-etik ifadələr səslənə bilər. Fikir adamları, yaradıcı şəxslər arasında müzakirələri, mübahisələri təbii qəbul etmək lazımdır. Xahiş etmişdik ki, montajda bəzi hissələri kəssinlər. Amma etmədilər. Bununla belə, dediyim kimi Turalla münasibətimiz pisləşməyib. Hətta efirdən sonra da xatirə fotosu çəkdik. Əslində biz öz fikirlərimizi yox, cəmiyyətin ayrı-ayrı qruplarının mövqeyini təmsil edirdik”. 

 Kultroloq feminizmlə bağlı fikirlərini də dilə gətirib:

 “Feminizmin əleyhinə deyiləm. Əksinə, feminizmi həddindən artıq sərbəstlik kimi başa düşərək onu gözdən salanlarla əks mövqedəyəm. Feminizm seksual azadlıq demək deyil. Nədənsə, xüsusilə bəzi gənclər bu cərəyanın mahiyyətini yanlış başa düşürlər. Ümumiyyətlə, feminizmin iki növü var-intellektual və meydan feminizmi. Gənclər meydan feminizminə maraq göstərirlər. Lakin intellektual feminizm daha önəmlidir”. 

 Fikir duelinə münasibət bildirən yazıçı T.Cəfərov isə düşünür ki, heç bir düşüncə fərqliliyindən söhbət gedə bilməz: 
“Aydınxanda fikir var ki, ziddiyyət də yaratsın. Dünyada qəbul edilmiş etik kodekslər mövcuddur. Məsələn Avropada müzakirə zamanı bir insan digərinə “faşist” deyirsə, dialoq o dəqiqə sonlanır. Mənim hər kəslə, o cümlədən Aydınxanla da münasibətim normaldır. Uzun illərdir, onu tanıyıram. Açıq deyirəm, Aydınxanın konkret bir fikri yoxdur. Bu gün efirdə mühafizəkar mövqe sərgiləyib, sabah tamamilə liberal ola bilər”.