"Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə..." - SÖHBƏT

Seyran Səxavət: "Bu virusa qədər bəşəriyyət huşunu itirmiş adam kimi idi"

"Bağda elə bil dünya daha çox səninkidi. Hər gün gəzişirəm, hava təmiz, qarşıma "2 ayaqlı" çıxmır..."



Yazıçı-dramaturq Seyran Səxavətlə “koronavirus” söhbəti etdik. Dedi ki, onsuz da 10 ildir, şəhərdən kənarda – Mərdəkanda yaşayır. Orada evdə qalmaq da asandır, məsafə saxlamaq da. Evlər arasında məsafə ən azı 50 metrdir. Yəni, ehtiyat məsafə saxlamaq Seyran müəllim üçün heç də çətin deyil: 

- Seyran müəllim, karantin günlərini necə keçirirsiniz? 

- Mərdəkandayam. Bura genişlikdi. Burda elə bil dünya daha çox səninkidi. Hər gün gəzişirəm, hava təmiz, gözəl, qarşıma “2 ayaqlı” çıxmır... 

- Koronavirusdan qorxmursunuz? 

- Mən artıq heç nədən qorxmuram. Çoxdan qorxub qurtarmışam. Şəhərdə olsaydım, bəlkə də qorxardım. Amma kənddəyəm. Özüm də kəndçi balasıyam. İstədiyim, bəyəndiyim yerdəyəm.  

- Vaxtınızı necə keçirirsiniz? 

- Mütaliə edirəm, yazıram. Cavanlıq şəkillərimə baxıram. 100 saatlıq videom var, müsahibələr, açıqlamalar... Onları izləyirəm. Dostlarla yazışıram. Axır ki, internet üzərindən yazışmağı, şəkil paylaşmağı mən də öyrəndim. 

- Virusla bağlı nə düşünürsünüz?  

- Nə baş verməyindən asılı olmayaraq həyat gözəldir... Dünyanın ən pis adamında da nəsə bir gözəl keyfiyyət var. Eləcə də ən pis vəziyyətlərdə, ən pis vaxtlarda yaxşı bir şey mütləq var. Düşünürəm ki, bu virusa qədər  bəşəriyyət huşunu itirmiş adam kimi idi. Ağır səslənsə də deyəcəm; bəşəriyyət çox qudurmuşdu. Qanlar tökülürdü, qoca tanımırdılar, körpə tanımırdılar, nəfs, Allahsızlıq baş alıb gedirdi. Dünya da “ay mən belə tərəqqipərvərəm, beləyəm, eləyəm...” deyirdi. Sən demə, bu dünya gədənin, bizim qarabağlılarda bir söz var – dızdağın biriymiş. Qrip virusunun əlində əsir-yesir qalıb, tir-tir əsir. Adətən pafosla deyirlər ki, insan təbiətə qalib gəlir! Necə yəni, təbiətə qalib gəlir? Bəs “Ana təbiət” deyirik. Deməli, anamıza qalib gəlirik?! İnsan təbiətə “qalib” gəlirsə, təbiət də intiqamını alır. Rəhmətlik nənəm deyirdi ki, ay bala, orda-burda yerin dibində deşik açırlar, bunun axırı nə olacaq? İndi nənəm sağ olsaydı, deyərdim, ay nənə, gördün axırı nə oldu?!. İnsan dağları partladır, çayların yönünü dəyişir. İnsan, guya ki, özlüyündə dünyanı “redaktə” edir də. Amma bilmir ki, təbiətin intiqamı ağır olur. Bu hadisə dünyaya, hamımıza böyük dərs oldu. Biz bu dərsdən qiymət alsaq, növbəti kursa keçəcəyik, ala bilməsək, kursda qalacağıq. 

- Seyran müəllim, gündəlik ehtiyaclar üçün evdən çıxırsınız yəqin. Yaxınlıqda mağaza, market var? 

- Lazım olan şeyləri alıram. Sakit həyat yaşayıram. Bir dəfə demişəm, xalq birləşəndə güclü olur, yazıçı təklənəndə. Mənim kimi adamlar onsuz da təkliyə öyrəşib. Ona görə də çətin deyil. Amma müşahidə edirəm, baxıram ki, insanlar nisbətən yumşaq olublar... 

- “Daş evlər” romanınızda Zəminənin dəfn mərasimi epizodu həmişə gözümün önündə olur; təxminən belədi ki, dəfndə iştirak edənlər peşmanlıq hissi keçirirdilər, Zəminə sağlığında bunu xahiş etmişdi, eləmədim, gərək edəydim, filan... hərə bir şey fikirləşir, amma elə ki, dəfn başa çatır, evlərinə yol alır, fikirlər dəyişir, “əh, böyük iş olub, eləmədim, eləmədim də... 

- Hə, bu, insanın xislətidi. Bilirsən, tövbə qapısı sürüşkəndi. İnsan çətinə düşəndə, “Allah, Allah” deyir, kömək umur, xoş günlərdə isə Allah yada düşmür. Qorxduğum budur ki, indi yumşalmış insanlar virus bəlası qurtarandan sonra yenə əvvəlki xislətlərinə qayıdalar. Qorxmalı şey budur. Yoxsa insan ölümdən qorxmamalıdır. Ölümdən qorxmaq, dünyaya gəlməkdən qorxmaq kimi bir şeydir. Fikrimi çatdıra bilirəm?.. Necə ki, dünyaya gəlişin öz əlində deyil, ölümün də öz əlində deyil. Əlində olmayan bir şeydən niyə qorxmalısan? Bu həyatda qorxmalı şeylər çoxdur: pis adamlar, pis qonşular... 

- Seyran müəllim, virus təhlükəsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərdən razısınız? Karantin qaydaları, insanlara yardımlar edilməsi və sair... 

- Dövlət nə lazımdır, edir. Dövlət deyir, otur evdə. Deyilənlərin hamısına əməl etmək lazımdı. Məsləhətdisə evdə qal, deməli, evdə qalmalıyıq. Sən yer üzünə çıxmasan, Yer üzü dağılacaq? Mərdəkanda bu baxımdan qaydalara riayət edilir. Evlər arasındakı məsafə də böyükdür, ən yaxın məsafə 50 metrdir, ən uzağı da 100-150 metr. Qoyulan şərtlərə bir müddət əməl etməliyik. Gərək biz xalq olaraq evdə oturmaq qərarını özümüz verəydik. Az-çox, babat təhsili, savadı, dünyagörüşü olan adam başa düşməlidir ki, evdə qalmaq bizim üçün xeyirdir. İmkansız ailələri də elə qohum-qonşu yola verir. Bizim xalq belədi, çətinə düşənə kömək edir həmişə. 

- Koronavirusun dünyanı dəyişəcəyi deyilir. Qlobal məsələlərə getməyək. Amma virus təhlükəsinin, bizim bəzi adətlərimizə, yaşam tərzimizə dəyişiklik gətirməsini istərdim. Misal üçün, toy və yas mərasimləri. Yaxşı olmaz ki,  virusdan sonrakı dönəmdə də yas və toy məclislərinə toplaşanların sayı az olsun? Ən yaxın insanlar iştirak etsin belə mərasimlərdə? 250-500 nəfərlik toyların, yasların artıq yoluxma mənbəyi olduğunu bəlkə insanlar anlasın.  

- Yaralı məsələyə toxundun. Bu, böyük problemdir. Xarici filmlərdə görürük, elə həyatda da müşahidə edirik, hansısa varlı bir insan, multi-milyoner vəfat edir, tabutunun ardınca çətirli 5-6 qadın, 5-6 da kişi gedir. Amma bizdə dəfndə, ya toyda adam az olsa, deyirlər, ölünü urvatsız götürdülər! Guya ki, bundan o dünyada “urvat” soruşacaqlar. Görüşüb-öpüşmək məsələsini də yığışdırmaq lazımdı. “Ə qardaş, necəsən?”, dodaq-dodağa öpüşürlər. Belə olmaz! 21-ci əsrin adamlarıyıq. Yəni, bu adamlar doğrudan da ibtidai icma quruluşu, orta əsrlər, 20-ci əsr, 21-ci əsrin fərqini bilmirlər?! 21-ci əsrdə insanın ağlına gətirə bilmədiyi viruslar, xəstəliklər ola bilər. Bizim xalq bəlkə də dünyada yeganə xalqdır ki, öləndən sonra başa düşür ki, ə, deyəsən, mən xəstəymişəm ey...  Bir dənə də lətifə danışım; Sovetin zamanında Moskvadan, məsələn, Yevlaxa yoxlama gəlir, Hava Hücumundan Müdafiə ilə bağlı. “Soyuq müharibə” illəriymiş. Moskvadan gələn müdafiə məsələlərinə məsul şəxsi sorğu-sual edir: 

- Yeraltı qazmalarınız hazırdı? 
- Bəli. 
- Neçə nəfərlikdi? 
- 40 nəfərlik olar. 
- Əleyhqaz var? 
- Var. 
- Neçə nəfərlikdi? 
- 30-40 adamlıq olar. 
- Əhali sayı neçədi? 
- 80-90 min. 
- Bəs birdən amerikanlar bomba atsalar neyləyəcəksiz? 
- Heç nə... Biabır olacağıq... 
Hamınıza can sağlığı arzulayıram.