Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli "Facebook" sosial şəbəkəsində faydalı və unikal bir təşəbbüslə çıxış edib. O, "əskik", "şayiə", "nəqərat" kimi yazılışı çətin olan, çaşqınlıq yaradan sözləri orfoqrafiya qaydalarına uyğun şəkildə təqdim edir. Bununla da professor çaşqınlıqlara, müzakirələrə son qoyur.
Təşəbbüslə bağlı "Sherg.az"a danışan professor bu ideyanı gələcəkdə də davam etdirmək fikrində olduğunu deyib:
"Müxtəlif şəxslər, xüsusən də keçmiş və indiki tələbələrimiz tez-tez məndən hansısa sözün necə yazılmalı olduğunu soruşurlar. Ona görə hamıya çatımlı olsun deyə, əvvəlcə, "Azərbaycan dilinin orfoqrafiya normaları"nı paylaşdım, sonra isə ən çox səhvə yol verilən sözlərin düzgün yazılışını göstərmək qərarına gəldim. Bu normalar əsasında hazırlanmış orfoqrafiya lüğəti hələ çapdan çıxmayıb. Sözləri az-az verirəm ki, yadda saxlamaq çətin olmasın".