Radioda Aqşin Babayevin bir məktəbi vardı - Natəvan Dəmirçioğlu yazır

                                                                                               
                                                                                                                                                                                                                                              Aqşin Babayev haqqında indi yazmaq istədiklərimi mən bir dəfə demişəm. Min deməkdənsə, bir yazmaq daha qalıcıdır, bəlkə.
Bu isim mənim fikrimdə dərhal iki -“Elit jurnalist” və “Aqşin Babayevin dövrü” deyimlərini önə çıxarır. Bunlar hər biri mühüm məsələlərdir. Baxmayaraq ki, Aqşin Babayev yazıçı, dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim kimi kifayət qədər tanınmış şəxsiyyətdir. Və mənim elmi rəhbərimdir. Daha dəqiqi, BDU-nun doktarantı kimi ”Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı dissertasiya  yazarkən Aqşin Babayev mənim elmi rəhbərim olub.  Onunla tanışlığım həmişə uzaq xarakter daşıyıb, amma həmişə diqqətimi çəkib. 

     Hələ 1984-1989 –cu illərdə tələbə - jurnalist kimi Respublika Radiosunun  əməkdaşı idim və həmin dövrdə Aqşin Babayev  radio kollektivinə rəhbərlik edirdi. Onu bir dəfə də olsun yaxından görməsəm də, hər dəfə radioda Aqşin Babayev şəxsiyyətinin təsirini hiss edirdim.  Radioda onun  nüfuzu, yaradıcılıq zövqü, intizam  tələbi əsas idi. Sanki radio kollektivi bir nəfər kimi Aqşin Babayevə işləyirdi. Aqşin Babayev  isə xalqa və dövlətə xidmət edirdi. Hər nə vardısa onun iradəsi daxilində hərəkətdəydi sanki. Və bunu mənimlə bərabər tələbə- əməkdaşlar hiss edirdilər. Biz buranın rəhbərinin necə bir adam olmasına maraq göstərirdik. Amma onu heç görmədik. Universitet illərindən sonra bu idarədə qalıb işlədim. Artıq bura başqa bir şəxs rəhbərlik edirdi. Müstəqilliyin ilk illəri idi. O dövrdə bütün ölkədə olduğu kimi,  radioda da bir xaos, bir çaşqınlıq  var idi, hər işdə nizamsızlıq hökm sürürdü. Çox qəribədir ki, ən çətin situasiyalarda radio kollektivindən əksər insanlar Aqşin Babayevi xatırlayır və  O, burada olardısa bütün bu çətinlikləri, anlaşmazlıqları çox asanlıqla həll edərdi, deyə fikir yürüdürdülər. Neçə illərdi radiodan getməsinə baxmayaraq burada Aqşin Babayevin bir məktəbi vardı və o məktəbin üzvüləri onu çox sıx-sıx yada salırdılar.      


   
 Bir neçə il sonra mən Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri təyin edildim. Respublika Radiosunun tərkibində olsa da bu müstəqil qurumdur , tamam fərqli kollektivi var. Aqşin Babayev uzun illər bu kollektivə də rəhbərlik edib. O, Türkiyəyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların Baş redaktoru olub. Bu qurumun böyüdülməsi , inkişafı onun adı ilə bağlıdır. İdarənin böyüməsilə onun vəzifəsi də böyüyüb, xarici verilişlər üzrə sədr müavini təyin edilib, bir xeyli müddət  bu vəzifədə çalışıb. Həmin müddət günü bu gün də “Aqşin Babayevin dövrü” adlanır. Mən bura gəldiyim ilk aylarda iclaslarda bəzən əmək intizamını pozan, daxili qaydalara əməl etməyən, texniki xətalara yol verən  insanlara “Aqşin Babayevin dövründə sən bunu edə bilməzdin” deyildiyinin, zəif, məsuliyyətsiz, “başdansovdu” hazırlanan verlişlərin müəlliflərinə “sən Aqşin Babayevin dövründə belə iş görsəydin, halın nə olardı, bilirsənmi”  deyildiyinin şahidi olmuşam. Demək, Aqşin Babayev işlədiyi yerlərdə  etalon olmağı bacarmışdı və mənə elə gəlir ki, professional iş həyatında bunu qazanmaq xeyli çətindir.

     Daha bir neçə il sonra mən BDU-nun doktorantı olanda, bu mühitdə də Aqşin Babayevin kifayət qədər tanındığının və müsbət imicə sahibliyinin fərqinə vardım. Həmin illərdə Aqşin Babayev Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri  idi. O, bu vəzifədə 15 il işləyib. Elmi rəhbərimin kimliyi ilə maraqlanan hər kəs, Aqşin Babayev  haqqında müsbət fikir bildirir və əksər hallarda onu ”elit jurnalist” adlandırırdılar. Elitarlıq ən yüksək keyfiyyətlərdən biri olaraq bu gün cəmiyyətimizə çox gərəkdir. Mən Aqşin müəllimin doğrudan-doğruya elitar mədəniyyətə sahib bir şıxsiyyət olduğuna inandım. Elmi rəhbərim olduğu illərdə, Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri  kimi Aqşin Babayevin vaxt imkanları çox məhdud idi və elmi işimlə bağlı bizim görüşərək fikir bölüşmək, müəyyən nüansları müzakirə etmək, məsləhətləşmələr aparmaq imkanımız olmadı. Cəmi bir neçə dəfə telefon söhbətimiz oldu və bu danışıqlarda mən onu heyrətamiz dəqiq, səliqəli, məsuliyyətli, ekspert düşüncəsinə sahib, elitar mədəniyyətə malik,  şifahi redaktə imkanları olan  jurnalist kimi tanıdım. 


   
 Bu sətirləri yazarkən Aqşin müəllimin aktiv fəaliyyət dövrü və ondan sonrakı dövrə baxmaq zərurəti hiss edirəm: Azərbaycan totalitar sovet rejimindən yeni müstəqil və informasiyalı vətəndaş cəmiyyətinə keçdi. Hazırda ölkəmizdə ənənəvi mətbuat, elektron media, internet resusları, vətəndaş jurnalistikası və sosial media parallel fəaliyyət göstərir. Bu çox təbii və qanunauyğundur. Bununla azad ölkə, azad cəmiyyət olduğumuz bir daha öz təsdiqini tapır. İki formasiya- sosializm və kapitalizm dəyişməsində o jurnalistlərin yaradıcılıq üslubu, yaradıcılıq irsi, yaradıcılıq məktəbi  yaşaya bildi və tədris, təbliğ olunmağa layiqdir ki, onlar rejmin təziqi altında olsalar da əslində xalqa, onun mədəniyyətinə, mənəviyyatına xidmət etmişdilər. Aqşin Babayev belə jurnalistlərdəndir. Jurnalistika elə bir ictimai institutdur ki, onun təmsilçiləri bütün hallarda ictimai dəyərlərə xidmət göstərməli və nəticədə bir şəxs olaraq ictimai  şəxsə çevrilməlidir. Cəmiyyət informasiyaya ehtiyac duyduqca, jurnalistikaya ehtiyac duyur, jurnalistikaya ehtiyac duyduqca, jurnalistə  ehtiyac duyur, bunlardan dolayı doğru söylənmiş xəbərə və peşəkar şərhə ehtiyac duyur. Aqşin Babayev jurnalist faliyyəti dövründə mümkün qədər  peşəkar fəalliyyətlə məşğul olmuşdur. Jurnalistikanın hədəfi  həqiqətləri çatdırmaqdır. Aqşin Babayev özü və əksər həmkarları bunu bilir və buna çalışırdılar.

      30 kitabın müəllifi, Əməkdar jurnalist, 15 il  AzTV-nin  xarici verilişlər üzrə sədr müavini, 15 il  Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri, bir neçə il  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olmuş,  Azərbaycan Respublikası Prezidentinin  II dərəcəli dövlət müşaviri, 10 cilddən ibarət "Seçilmiş əsərləri"n müəllifi, filologiya elmləri doktoru, professor Aqşin Babayev, onu tanıyanların təsdiq etdiyi kimi, geniş dünyagörüşü, yüksək elitar mədəniyyəti, zəngin təcrübəsi, çoxşaxəli yaradıcılığı, dəyərli insani keyfiyyətləri olan şəxsiyyətdir və mən onu şəxsən tanıdığım üçün şanslıyam.

 Natəvan Dəmirçioğlu Yazıçı, fəlsəfə doktoru