“İstəyərdim ki, bütün insanlar da sağlam şəkildə, hər biri sevgiyə çevrilsin”
“Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!”
Özüm də bilmədən ömrünü peşəsinə həsr edən, illərin hardan gəlib hara getdiyindən xəbəri olmayan insanları görəndə içimdən böyük şair Səməd Vurğunun bu şeirini oxuyuram.
Əsasən də günlərini yazıb- yaratmaqla keçirən qələm adamlarının bəmbayaz qar yağmış saçlarına, qırışmış simalarına nəzər salanda ürəyimdə həmin sualı verirəm:
“Şair, nə tez qocaldın sən ?” Mənəvi aləmimizin keşiyində duran ən sadiq söz sərkərdələrindən biri üstad şair Vaqif Bayatlı Odər də yaş almağın mənfiliklərindən öz payına düşəni alıb. Şair uzun müddətdir, beyin anomaliyası və ürək xəstəliyindən əziyyət çəkir.
Biz də “Sherg.az” olaraq Vaqif müəllimin sağlıq durumunu öyrənmək məqsədilə onunla əlaqə saxladıq. Sevilən şair müalicəsinin davam etdiyini söylədi:
“Dünyanın bütün dərmanlarını içirəm. Sağ olsun karantin, virus mənə təsir etməyib. Hələ yeganə virusdur ki, onu görməmişəm. Yəni səhhətim imkan vermədiyi üçün çölə çıxmıram. Amma arzu edirəm ki, koronavirus hamıya sevgi ilə yanaşsın, sevgi aşılasın.”
Şair yaradıcılıq işlərindən də söz açaraq, bütün insanlara ən xoş arzularını çatdırdı:
“ Bəy Atlı şeirlər” adlı kitabım yeni nəşr olundu, bir ildən az vaxtdır ki, çapdan çıxıb. Təzə şeirlər, yazılar da olur. Bu da məndən deyil, sözlərin, kitabın doğulmasından asılıdır...Allah nə vaxt lazım bilsə, o vaxt hazır olacaq.
Sağlam olsam, böyük məmnuniyyətlə kitabın təqdimatını edərəm. İstəyərdim ki, bütün insanlar da sağlam şəkildə, hər biri sevgiyə çevrilsin, sevgiylə iştirak etsin. Qələm dostlarım da telefonla əlaqə saxlayırlar, sağ olsunlar yaddan çıxarmırlar. Onlardan, ümumiyyətlə dünyadakı hər kəsdən razıyam. Narazı olduğum adam yoxdu. Həm də sənətim hamını bir-birinə sevdirməkdi. Sizə də xoşbəxtliklər, dünyanın ən qanadlı, ən sevimli, hamıyı bir-birinə sevdirən sevdirmələr diləyirəm.”
P.S. Biz də “Şərq” qəzeti kollektivi olaraq dəyərli şairimizə uzun ömür, can sağlığı arzu edirik.