Musa Yaqubdan XƏBƏR VAR: “Səhhəti normallaşır...”

Səyyar könlüm nə tez düşdü atından
Dağ-daş çıxıb ayağımın yadından
Birdən-birə çıxıb yerin qatından
Çay özünü daşdan-daşa atırmı?

Ağac olum dağlar olsun yanımda
Bulaq suyu çilvələnsin qanımda
Dərmanları can qoymadı canımda
Bu apteklər zəhər alıb satırmı? -
Canım dağlar, səsim sizə çatırmı?...

Bu şeiri xalq şairi Musa Yaqub 10 il öncə, yaşlandığı bir vaxtda,  xəstəliyin onu yavaş-yavaş ağuşuna aldığı günlərdə qələmə alıb. 82 yaşlı ustad şair,uzun müddətdir ki ağır parkinson xəstəliyindən əziyyət çəkir. Küləklər şəhərinin səs-küyündən, qələm dostlarından uzaqda ata-baba yurdu İsmayıllının Buynuz kəndində yaşayır. Zaman-zaman səhhətinin pisləşməsi ilə bağlı  xəbərlər yayılır.

Biz də “Sherg.az” olaraq dəyərli şairimizin son sağlıq durumunu öyrənmək üçün onunla əlaqə saxladıq. Musa müəllim özü danışa bilməsə də şairin  oğlu bunları söylədi:

“Şükür yaxşıdır, müalicəsi evdə  davam edir, dərmanlarını atır. İndi Buynuz kəndindədir, yaxşılıqdır. Biz kənddə olduğumuz üçün karantinin təsiri olmur. Bu havalarda da həmişə kənddə olmuşuq, şəhərə getməmişik. Səhhəti normallaşır...”