"Geri çəkilsək Qarabağı itirə bilərik"

Rüstəm Behrudi: "Çünki növbəti dəfə xalqın qəzəbi, istəyi belə çox olmayacaq, bir yerə yığışmayacaq"

"Bir də ki, rusdan qorxuruqsa, Rusiya imperiyası dağılmadığı müddətdə bu qorxu içimizdə olacaq"


Eşit, ey tanrı, dözümüm,
Bizi lap yordu, vaxtıdır.
Varıban getmək gərəkdir,
Göndər Boz qurdu, vaxtıdır.

Bu misralar tanınmış şair Rüstəm Behrudinin şeirindən bir hissədir. Düzü çox fikirləşdim, həm içində yaşadığımız vəziyyəti, həm də bu yazını izah edəcək başqa  söz tapa bilmədim. Bəli, vaxtıdır! 
Hələ iyulun 12-i,  atışmanın  başladığı dəqiqələrdən  qəlbimizdə Qarabağ çırağı yandırdıq. Hamımız anidən gələn gülləbaran səslərinin gurultusunda döyüş ab-havasına sarılıb qələbəyə ruhlandıq. Əzəli torpaqlarımıza qovuşmaq üçün ayağa qalxdıq. Millətimizin sədaları nəinki Azərbaycan,  hətta yer kürəsinin mavi   səmalarını ağuşuna aldı.  Yəqin ki, Qarabağ da eşitdi hayqırışımızı, bəlkə də Şuşa dağların arxasından boylanıb baxdı, Xarıbülbül məğrur başını  qaldırıb göylərə “Vətən bizi səsləyir” dedi.

Bütün bu ümidləri, sevinci, hüznü, torpaq həsrətini  yazının əvvəlindən də məlum olduğu kimi Rüstəm Behrudi ilə danışdıq.

- Rüstəm bəy, yaşadığımız son olayları necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, 30 ildən sonra  bu hadisələrin baş verməyi labüd idi. Çünki keçdiyimiz otuz ildə insanların   içində birikən  azadlıq arzusu, millət, vətən eşqi  mütləq partlamalıydı!  

- Bəs sərhəddə gedən döyüşlər haqqında nə düşünürsünüz?

- Tovuzda müdafiəli olmaq üçün Qarabağda döyüş əməliyyatlarına başlamalıydıq. Gecikdik!  İndi start verməliyik! Çünki uzun illər əvvəl imzaladığımız atəşkəs, daha çox atəşlərə düşməyimizə səbəb oldu. Dinc dövrdə həlak olan  əsgərlərimizin sayı, az qala müharibədə ölənlərin sayına bərabərdir. 

- Sizcə bundan sonrası necə olmalıdır?

- Fikirləşirəm ki, ermənilərin  təxribatını fürsətə çevirib, Qarabağda əməliyyatlara başlamalıyıq. Ali Baş Komandan döyüş əmri verməlidir. Özü də gördü ki, xalq onun arxasında  dayanmağa, müdafiə etməyə və müharibəyə hazırdır. Torpaqları tezliklə azad etməliyik!

- Bilirsiz ki, bu haqlı savaşda Türkiyədən dəstək gördük. Sözün əsl mənasında bizə qardaş əli uzatdılar...

- Artıq zaman dəyişib. Türk konseyi,  türk respublikaları var. Hamısı öz  dəstəklərini bəyan edirlər ki, Azərbaycanın yanındayıq. Bir də ki, rusdan qorxuruqsa Rusiya imperiyası dağılmadığı müddətdə bu qorxu içimizdə olacaq. Bizi Türk dünyası, Türkiyə müdafiə edir. Ona görə heç kimdən qorxmayaq. İndi torpaqlarımızı geri almasaq, qərbi Azərbaycanda qoyub gəldiyimiz torpaqların taleyini Qarabağda yaşayacağıq.

- Əzəli torpaqlarımıza yiyələndikləri bəs deyilmiş kimi, hələ o ərazilərin özlərinə aid olduğunu iddia edirlər...

- Bəli, gördüz baş nazirləri Paşinyan  həyasızcasına  Elmar Məmmədyarovun (Yaxşı ki prezident onu qovdu-R.B) oturduğu iclasda Azərbaycanı işğalçı dövlət adlandırdı.  Deyir ki, torpaqlarımızın hamısını azad etməmişik. Hələ Azərbaycandan başqa torpaqlar qoparmaq iddiasındadırlar. Belə bir düşmənlə necə danışığa getmək olar? Mənə elə gəlir ki, bu son döyüş olmalıdır. Geri çəkilsək, təslim  olsaq, sussaq Qarabağı həmişəlik itirə bilərik. Çünki növbəti dəfə xalqın qəzəbi, istəyi belə çox olmayacaq, bir yerə yığışmayacaq. Anlayırsınız nə demək istəyirəm? 

- Şairin qəfil sualına, dərk etməyin ağırlığı ilə cavab verdim: Bəli.

- Qarabağa yığılan sevgi idi, özünü büruzə verirdi. Bu sevgini  öldürəndə Qarabağ torpağı əldən gedəcək. Sonra yüz dəfə danışıqlar aparsınlar, dünya məsləhət versə də  xeyri olmayacaq. Mən 1996-cı ildə, rəhmətlik Heydər Əliyevə canlı yayımda bir söz dedim: “Əsgəri girdiyi torpaqdan ancaq əsgər çıxarda bilər”.

 Dünyada heç kim alınan torpağı  danışıqla qaytara bilməyib. Azərbaycan ordusu qüdrətlidir, erməniləri  Qarabağdan qovub çıxarmaq üçün qətiyyətimiz, gücümüz,hərbi  texnikamız hər şeyimiz var. Nəyi gözləyirik? Müəmmalıdır niyə gözləyirik?

Onu da qeyd edim ki, bizə təslimçilik ruhu aşılamaq istəyirlər. Bunun arxasında Rusiya, Amerika, Fransa durur. Əslində isə bir neçə savaşı uduzmuşuq, müharibə davam edir. Müharibə böyük və uzun prosesdir.