“Çünki “Coğrafiya müəlliminin pencəyi” sevdiyim hekayələrimdəndir”
“...Kiçik adamların həyatını ədəbiyyata gətirmək daha maraqlıdır”
“Türkiyədə kitabım onlayn satılır, pandemiyadan sonra bizə də göndərəcəklər”
“Ola bilsin, Rusiya mətbu orqanlarında da hekayələrim işıq üzü görsün”
“Maraqlı ideya olduğu halda yazmaq məqsədəuyğundur”- Gənc yazarla ədəbiyyat söhbəti
Gənc yazar Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” kitabı Türkiyədə nəşr olunub. Şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsəri Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı 5 min tirajla nəşr edib. Kitabın niyə məhz qardaş ölkədə nəşr olunması xüsusilə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Odur ki, bu və digər suallarla bağlı gənc yazıçı ilə söhbətləşdik. O, “Sherg.az”ın suallarını səmimi cavablandırdı:
- Niyə kitabınızı məhz Türkiyədə nəşr etdirdiniz?
- Mədəniyyət Nazirliyi təxminən beş ildir ki, “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində gənc yazarların əsərlərini çap edir. Bu layihənin bir istiqaməti də azərbayanlı yazarların əsərlərinin Türkiyədə nəşridir. Mənimlə birlikdə daha dörd azərbaycanlı yazıçının əsərləri Türkiyədə işıq üzü gördü. Əlbəttə, təklif gələndə çox sevindim. Onu da bildirim ki, bütün xərcləri nazirlik qarşıladı. Qardaş ölkədə kitabın onlayn satlışı artıq başlayıb. Pandemiya bitəndən sonra bizə də göndərəcəklər.
- Kitabın adı diqqətimizi çəkdi…
- Kitabda on hekayə toplanıb. Bu da onlardan birinin adıdır. Mən hekayələri göndərəndə kitaba heç bir ad qoymamışdım. Amma ürəyimdən oldu. Çünki “Coğrafiya müəlliminin pencəyi” sevdiyim hekayələrimdəndir.
- Həmin hekayələri birləşdirən ortaq cəhət nədir?
- Ümumiyyətlə, mənim bu janrda olan əsərlərim elə də çox deyil. On hekayəni seçəndə onların ədəbi-bədii xüsusiyyətlərini nəzərə aldım. Nobel mükafatçılarından biri deyib ki, kiçik adamların həyatını ədəbiyyata gətirmək mənim üçün daha maraqlıdır. Sözügedən nəsr nümunələrində də məhz sadə insanların taleyindən, güzəranlarından, keçirdikləri təlatümlərdən bəhs olunur. Ümumiyyətlə, həyatın bütün mövzuları o hekayələrdə əksini tapıb.
- Əsərlərinizin yayılma miqyasını genişləndirmək naminə hekayələrinizin tərcüməsi haqda nə düşünürsünüz?
- Şübhəsiz, lazımdır. Əgər növbəti hekayələrimi öz hesabıma nəşr etdirsəm, tərcümə xərclərini də mən ödəməliyəm. Yox, yenə də hansısa layihə çərçivəsində baş tutarsa, onda başqa məsələ. Amma istənilən halda Azərbaycan dilindən olan əsərlərin, əvvəlcə, ruscaya, sonra xarici dillərə tərcüməsinin tərəfdarıyam.
- Nə üçün?
- Müşahidələr tərcümənin belədə daha dəqiq və keyfiyyətli olduğunu göstərir.
-Bilirik ki, ədəbiyyat həyatın güzgüsüdür. Gələcəkdə indiki çətin dövrlər, yəni koronavirus pandemiyası barədə nəsə yazmaq fikriniz varmı?
- Mədəniyyət Nazirliyi bu mövzuda hekayə müsabiqəsi elan edəndə mən də özümü sınadım. Həmin nəsr nümunəsi sentyabrda “Ədəbiyyat” qəzetində və ya başqa bir mətbu orqanda dərc olunacaq. Əlbəttə, povest və ya roman da yazmaq olar. Lakin heç bir yazıçının belə bir öhdəliyi yoxdur. Maraqlı ideya olduğu halda yazmaq məqsədəuyğundur.
- Gələcək planlarınız nələrdir?
- Oktyabrda yeni bir hekayələr kitabım nəşr olunacaq. Gələn ilin əvvəlində isə pyes və səhnələşdirmələrimi nəşr etməyi düşünürəm. Həmçinin, ola bilsin, Rusiya mətbu orqanlarında da hekayələrim işıq üzü görsün. Ardınca isə növbəti kitablardan birini həmin ölkədə nəşr etdirməyi fikirləşirəm.