Şahbaz Xuduoğlu: "Azərbaycan həqiqətlərini həm də ədəbiyyatla dünyaya çatdırmalıyıq"
Dövrümüzdə xarici dillərə yiyələnmək mühüm faktorlardan biridir. Hər kəs kimi bunu dərk edib, dil biliklərimi inkişaf etdirmək üçün müxtəlif metodlara əl atırdım. Yaxın zamanda sırf praktika əsasında istədiyin dildə danışa bilmək üçün proqramlaşdırılmış sosial şəbəkə platforması ilə qarşılaşdım. Qeydiyyatdan keçib dərhal ingilis dilli ölkələrdən özümə söhbət yoldaşı axtardım. Tapdım da. Dilimizə, ölkəmizə rəğbət bəsləyən Olivya adlı amerikalı xanımla dost oldum. Saatlarla yazışıb, bir-birimizə ölkələrimizi tanıdır, ana dillərimiz haqqında məsləhətlər verirdik. Xüsusilə Azərbaycanın mədəniyyətindən, adət-ənənəsindən danışmağa maraqlı idim.
Bir dəfə necə oldusa ona Şuşa haqqında məlumat verdim. “Olivya, Şuşa Azərbaycanın qədim tarixli şəhərlərindəndir. Əsasən musiqiçiləri ilə məşhurdur”- dedim. O, cavabı ilə məni təəccübləndirdi:
“Hə, Şuşa haqqında “Əli və Nino” əsərində oxumuşam”. Bir neçə dəqiqə duruxdum, deyəsən, ürəyimdə aşıb-daşan fəxr hissi mənə nə isə yazmağa imkan vermirdi. Nəhayət, mesajı sualla cavablandırdım. “Deməli, Qurban Səidin “Əli və Nino”sunu oxumusan?”. O da ölkəmizə marağının, dilimizi öyrənmək həvəsinin həmin əsəri oxuyandan sonra yarandığını söylədi.
Azərbaycanı səmimi qəlbdən sevən Olivyayla bir az da yazışdıqdan sonra söhbətimizi dayandıraraq, sağollaşdıq. Şirin yuxu məni ağuşuna alırdı, axı ölkəmizdə gecə idi, hətta səhərə az qalmışdı. Yenə də düşünürdüm ki, bu roman bizim üçün böyük xəzinədir. Sanki dünyanın o biri ucunda yaşayan bir gəncə Şuşamızı, Bakımızı, adət-ənənəmizi, mərdliyimizi, əvəzsiz Vətənimizi göstərən güzgüdür. Bir də ağlımda suallar var idi.
“Əli və Nino”ların sayı arta bilməzmi?”, “görəsən, dünya auditoriyasına çıxacaq başqa əsərlərimiz yoxdurmu?”.
Bu barədə “Sherg.az”a danışan tanınmış naşir, yazar Şahbaz Xuduoğlu bildirib ki, “Əli və Nino” 56 dilə tərcümə edilmiş dünyəvi romandır, belə bir əsərin yazılıb, yayılması asan məsələ deyil:
“Dünyada tanınan yazıçılar belə həmin səviyyəyə çata bilməzlər. Yalnız müasir Azərbaycan ədəbiyyatından bu uğuru gözləmək çətindir. Bir əsərin dünyada tanınması üçün başqa şərtlər də var. Məsələn, “Əli və Nino“ ilk dəfə alman dilində nəşr edilib. Bu əsərdə Azərbaycana böyük sevgi ifadə olunub. Almanca çap edilməsi də ingilis, fransız, yapon və sair dillərə tərcümə olunmasına zəmin yaradıb. Ona görə şərait də böyük rol oynayır. Fikrimcə, müasir əsərlər də yazılır, yaradılır. Zaman gələcək, onları da başqa dillərdə nəşr etmək mümkün olacaq”.
“Qarabağ həqiqətlərini dünyaya müxtəlif mövzulu əsərlərin tərkibində, bədii dillə çatdırmağımız daha təsirli olmazmı” sualına Şahbaz bəy belə cavab verdi:
“Əlbəttə, ədəbiyyatda bu hadisələrin yer alması daha çox diqqəti cəlb edir, nəinki sadəcə tarixi fakt kimi, siyasi təhlillərlə göstərilməsi. O mənada ədəbiyyatda olsa yaxşıdır. Hamı arzu edər ki, reallaşsın. Amma bunları yazmağa istedad, vaxt lazımdır. Çox şeyə ehtiyac var. Bir naşir olaraq istəyərəm ki, Azərbaycanca yazılsın, xarici dillərə tərcümə edilsin“