Azərbaycanda narkotik çəkib maşın sürən saxlanıldı

Narkotik vasitənin təsiri altında sükan arxasına keçən şəxsin idarə etdiyi avtomobildə qurudulmuş marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Orxan Verdiyev “Rent a car”lardan birinə məxsus “Toyota Corolla” markalı avtomobili sürücülük vəsiqəsi olmadığı halda idarə edərkən Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları saxlayıblar.
Şübhəli hərəkətlər etdiyi üçün O. Verdiyev tibbi müayinəyə dəvət edilib və onun narkotik tərkibli vasitələrdən istifadə etdikdən sonra avtomobili idarə etdiyi müəyyən olunub.
Rayon Məhkəməsinin qərarı ilə O. Verdiyev 5 gün inzibati qaydada həbs olunub. Eyni zamanda, idarə etdiyi “Toyota Corolla” markalı avtomobilə keçirilən baxış zamanı yük yerindən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Narkotik vasitənin avtomobilin sərnişini, Qaradağ rayonu, Sahil qəsəbəsinin sakini Tərlan İmanova məxsus olduğu müəyyən edilib.
Bu şəxs narkotik vasitənin ona məxsus olduğunu, şəxsi istehlakı üçün saxladığını bildirib.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.