Göyçay rayonunda oğurluq etməkdə şübhəli bilinən keçmiş dövlət məmuru həbs edilib.
Göyçay rayon Polis Şöbəsindən verilən xəbərə görə, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Səməd Surxay oğlu Cəbrayılov şübhəli şəxs qismində saxlanılıb. Sahibkar polis şöbəsinə müraciət edərək, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli "Generator su pompası" və "Taxta konstruksiya tipli ev"in oğurlandığını bildirib. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.
Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Səməd Surxay oğlu Cəbrayılov saxlanılıb və onun barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Faktla bağlı araşdırma və istintaq tədbirləri davam etdirilir.